Xəbər verildiyi kimi, paytaxtın müxtəlif məkanlarında “ictimai internet” (“İctimai WiFi”) layihəsinin həyata keçirilməsinə başlanılıb.
   Dənizkənarı bulvar, Dövlət Bayrağı meydanı, həmçinin “İçərişəhər” Dövlət tarix-memarlıq qoruğu ərazisində istifadəyə verilən “İctimai WiFi”-a qoşulmaq üçün istifadəçilər qeydiyyatdan keçməlidirlər.
   Qeydiyyatdan keçmək üçün istifadəçilər mobil telefon, notebook, planşet və s. portativ cihazlarda şəbəkə siyahısında “Baktelekom”u seçməlidirlər. İstifadəçi açılan “Phone number” xanasına öz mobil telefon nömrəsini yazır və “Get password” düyməsini aktiv edir. Daha sonra sistem tərəfindən istifadəçinin mobil nömrəsinə SMS-lə şifrə göndərilir. Bu şifrə 3 saat ərzində aktivdir. İstifadəçi şifrəni “Password” xanasına daxil edərək ”Log In” düyməsini aktivləşdirir. Bununla da cihaz “İctimai Wi-Fi”a qoşulur.
   SMS-lə göndərilən şifrə ilə yalnız 1 (bir) cihazın pulsuz internetə qoşulması təmin olunur. İstifadəçi 1 saat pulsuz internetdən yararlanır. Bu müddət kifayət etmədikdə istifadəçi gün ərzində daha iki dəfə pulsuz xidmətdən faydalana bilər.