Aprelin 1-də Azərbaycan Dövlət Filarmoniyasında Şövkət Ələkbərova adına 20 nömrəli onbirillik Uşaq musiqi məktəbinin 50 illik yubileyinə həsr olunmuş konsert təqdim edildi.
Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov çıxış edərək musiqi məktəbinin kollektivini yubiley münasibətilə təbrik etdi, şagird və müəllim heyətinə yeni yaradıcılıq uğurları arzuladı. Bildirildi ki, dövlətimiz tərəfindən yeniyetmə və gənclərin yaradıcı inkişafına diqqət və qayğı göstərilir. Bu sahədə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrin xüsusi əhəmiyyəti var.
Vurğulandı ki, unudulmaz müğənni Şövkət Ələkbərovanın adını daşıyan məktəbin pedaqoji kollektivi sənətkarın adına layiq şəkildə tədris həyata keçirir, məktəbin yetirmələri müsabiqə və festivallarda yüksək nailiyyətlər qazanırlar. İstedadlı gənclərin bu gün təqdim etdiyi konsert proqramı və Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri ilə birgə çıxış etməsinin özü də bir məsuliyyət olmaqla yanaşı, məktəbdə təhsil səviyyəsindən xəbər verir.
Sonra Şövkət Ələkbərova adına 20 nömrəli musiqi məktəbinin direktoru Sevda Məmmədova qonaqları salamladı, şagirdlərin hazırladığı musiqi çələnginin maraqla qarşılanacağına ümidvar olduğunu dedi. O, məktəbin kollektivi və valideynləri adından Azərbaycanın istedadlı uşaq və gənclərinə hər zaman göstərdikləri qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürünü bildirdi.
Yubiley tədbiri məktəbin şagirdləri və Xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin birgə çıxışları ilə davam etdi. İkihissəli konsert proqramında şagirdlər Röya Bağırzadə, Nihad Qədirli, Fərəh Musayeva, Xeyri Məmmədli, Lalə Gözəlova, Məhta Məhəmmədəlizadə və digərlərinin ifasında Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səsləndi. Hər bir çıxış maraq və alqışlarla qarşılandı. Məktəbin xalq çalğı alətləri ansamblı, violin ansamblı və müsabiqələr laureatı olan xorunun ifası xüsusilə yadda qaldı.
Qeyd edək ki, Şövkət Ələkbərova adına 20 nömrəli onbirillik musiqi məktəbi 1967-ci ildə yaradılıb. Burada görkəmli musiqiçilər pedaqoji fəaliyyət göstəriblər. Onlardan xalq artistləri Ramiz Quliyev, Eldar Mansurov, sənətşünaslıq üzrə fəlsəfə doktoru Həmid Vəkilov və digərlərinin adını çəkmək olar. Şagirdlər 12 ixtisas üzrə təhsil alırlar. 1993-cü ildən məktəb Şövkət Ələkbərovanın adını daşıyır. 2013-cü ildə təhsil ocağının binası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən əsaslı təmir və yenidənqurmadan sonra kollektivin ixtiyarına verilib.
Lalə Azəri