Aprelin 18-də “Art Tover” qalereyasında “Archi.realities EGYPT” adlı rəsm sərgisi açılacaq. Frankofoniya həftələri çərçivəsində baş tutacaq sərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Mədəniyyət və Turizm Nazirliyi və “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının dəstəyi ilə gerçəkləşəcək. Aprelin 22-dək davam edəcək sərgidə müxtəlif janrda sənət əsərləri nümayiş olunacaq.
Qeyd edək ki, Bakıda Frankofoniya həftələrinin təntənəli açılış mərasimi aprelin 1-də Beynəlxalq Muğam Mərkəzində keçirilib. Tədbirdə Fransa və Yunanıstanın Azərbaycandakı səfirləri xanım Aureliya Buşez və Dimitrios Tsounqas layihəni yüksək qiymətləndiriblər. Bildirilib ki, keçən il bu layihədə iştirak edən ölkələrin sayı 8 olub, bu il isə bu rəqəm 10-a çatıb.
Vurğulanıb ki, aprelin 22-dək davam edəcək Frankofoniya bayramında Belçika, Misir, Fransa, Yunanıstan, Macarıstan, Litva, Mərakeş, Meksika, Rumıniya və İsveçrənin Azərbaycandakı səfirlikləri bir araya gələcəklər. Beynəlxalq Frankofoniya Təşkilatının üzv və müşahidəçi ölkələrinin səfirlikləri Frankofoniya həftələri ərzində Bakıda bir sıra mədəni tədbirlər təşkil edəcəklər.
Sonra tanınmış xanəndə Qoçaq Əsgərov, fransalı musiqiçilər Pierre de Tregomain və Eleni və Souzana Vougiouklinin iştirakı ilə konsert proqramı təqdim olunub.