Azərbaycan Konqreslər Bürosu festival zamanı “Tax free” sisteminə qoşulmaq şərtləri haqqında   sahibkarlara xəbərdarlıq edib
   
   Aprelin 10-dan mayın 10-dək Azərbaycan paytaxtında ilk dəfə keçiriləcək Ticarət festivalına - “Baku Shopping Festival”a hazırlıq işləri tamamlanmaq üzrədir. Prezident İlham Əliyevin 2016-cı il 1 sentyabr tarixində imzaladığı “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncama əsasən keçiriləcək festivalın təşkili Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosuna həvalə olunub. 
   Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının (UNWTO) hesablamalarına görə, ticarət festivalları ölkəyə turist axınını təşviq edən mühüm tədbirlərdəndir. Bakı Şopinq Festivalı isə nəinki xaricdən turist axınını təşviq etmək, eyni zamanda daxili turizmi inkişaf etdirmək məqsədi daşıyır. Çünki festival çərçivəsində əcnəbilərlə yanaşı, Azərbaycan vətəndaşları da “Tax free” (əlavə dəyər vergisinin (ƏDV) qaytarılması) sistemindən istifadə edə biləcəklər ki, bu da dünya təcrübəsində bir ilkdir. Festival günlərində 100 manat və daha çox alış-veriş edən hər bir əcnəbi və ya Azərbaycan vətəndaşı bu sistemdən yararlana biləcək. Festivalda iştirakçı kimi qeydiyyatdan keçən mağazalar “Tax free” nişanı ilə fərqlənəcək. Sahibkarlar festivalda iştirakçı statusu almaqla öz məhsullarını paytaxtımıza gələcək minlərlə turistə və yerli əhaliyə təqdim etmək imkanı qazana bilərlər.
   Qeyd edək ki, martın 31-də festival təşkilatçılarının Bakı Şopinq Festivalı ilə bağlı sahibkarlarla görüşü keçirilmişdi. Azərbaycan Konqreslər Bürosu festival zamanı ƏDV qaytarılması prosesinə qoşulmaq şərtləri haqqında sahibkarlara xəbərdarlıq edib.
   Bürodan verilən məlumata görə, sahibkarlar yalnız festivalın rəsmi saytında (www.bakushopfest.com) qeydiyyatdan keçdikləri halda bu üstünlükdən faydalana bilərlər. Buna görə də, mağazalar Azərbaycan vətəndaşlarına alış-verişdən sonra ƏDV-ni geri qaytara bilmək üçün hansı qaydalara əməl etməli olduqlarını dəqiq bilməli və əməl etməlidirlər.
   Festival çərçivəsində alış-veriş zamanı tətbiq olunan Azərbaycan vətəndaşlarına ƏDV qaytarılması sisteminə qoşulmaq üçün əvvəlcə festivalın saytında və Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyatdan keçməlidirlər. Bu iki qurumdan birində qeydiyyat aparılmadığı halda, həmin mağaza və ya digər sahibkarlar bu prosesə qoşula bilməyəcəklər.
   ƏDV-nin qaytarılması sisteminə qoşulmuş obyektlərin üzərində xüsusi “Baku Shopping Festival - Tax Free” stikeri yerləşdiriləcək. Yalnız həmin nişan olan obyektlərdən mal alan Azərbaycan vətəndaşlarına ƏDV qaytarılacaq. Yerli əhaliyə ƏDV-nin qaytarılması sisteminə qoşulmaq üçün yerli sahibkarlar müraciət ərizəsini yazılı və ya festivalın rəsmi internet saytında olan elektron ərizə formasını () doldurmaqla qeydiyyatdan keçməlidirlər. Qeydiyyat ödənişlidir. Daha ətraflı məlumat üçün bu link vasitəsilə əlaqə saxlamaq olar: .
   Azərbaycan Konqreslər Bürosu bir daha sahibkarların diqqətinə çatdırır ki, Şoppinq festivalın rəsmi veb səhifəsində vaxtında qeydiyyatdan keçsinlər. Əks halda, həmin şirkət və mağazalar festival zamanı heç bir güzəşt və üstünlüyə malik olmayacaqlar.