Növbəti beynəlxalq konfransa ev sahibliyi
   
   Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) kadr hazırlığı ilə yanaşı turizm sahəsində elmi tədqiqatların aparılması, respublikamızda, eləcə də xarici ölkələrdə fəaliyyət göstərən alimləri bir araya gətirərək fikir mübadiləsinin təşkilinə də xüsusi önəm verir. Aprelin 8-də ATMU daha bir beynəlxalq konfransa ev sahibliyi edəcək. Universitetin nəzdindəki Bakı Turizm Peşə Məktəbində keçiriləcək “Turizm və rekreasiya XXI əsrdə: problemlər və perspektivlər” adlı III Beynəlxalq konfransda Azərbaycan, Türkiyə, Rusiya, Bolqarıstan və Gürcüstandan tədqiqatçıların turizmin müxtəlif sahələrinə dair məruzələri dinləniləcək, turizmin dayanıqlı inkişafı, ayrı-ayrı ölkələrin bu inkişafa töhfəsi haqqında məlumatlar veriləcək.
   
   Mühazirə saatları keçirilib
   
   ATMU və Almatı İqtisad Statistika Akademiyası (AİSA) arasındakı ikitərəfli əməkdaşlıq müqaviləsinin şərtlərinə əsasən AİSA-nın İqtisadiyyat və menecment kafedrasının baş müəllimi Nailə Şiqanbayeva universitet tələbələri üçün “Korporativ idarəetmə” və “Menecmentin nəzəriyyəsi” fənlərinə dair mühazirə saatları keçirib. Birhəftəlik mühazirə saatlarında Qazaxıstanın turizm sektorunda korporativ idarəetmənin rolu və son illərdə ölkələrimizin turizm sahəsində potensial imkanlarından faydalanmanın səmərəsi barədə tələbələrlə maraqlı diskussiyalar təşkil olunub. Həmçinin iki ali təhsil müəssisəsi arasında əlaqələrin daha da möhkəmləndirilməsi, prioritet inkişaf istiqamətlərinə həsr olunmuş dəyirmi masa keçirilib. 
   
   ATMU-nun müəllimi beynəlxalq tədbirin iştirakçısı olub
   
   ATMU-nun Biznes idarəçiliyi fakültəsinin və Azərbaycan-Avstriya Turizm Proqramının (AATP) marketinq fənni üzrə müəllimi Fuad Cəfərli Avstriyanın IMC Krems Tədbiqi Elmlər Universitetində (TEU) keçirilən “IMC Beynəlxalq magistr günləri 2017” adlı beynəlxalq tədbirdə iştirak edib. Səfər çərçivəsində tələbələrə “Azərbaycanda mobil marketinq” mövzusunda mühazirə saatı təşkil olunub. Tədbirdə ABŞ, Kanada, Almaniya, Böyük Britaniya, Çin və s. ölkələrdən müvafiq ixtisas müəllimləri iştirak ediblər.
   Tədbir çərçivəsində təşkil olunan görüş, seminar və müzakirələrdə dərslərin yeni innovativ üsullarla tədris edilməsi müstəvisində səmərəli əməkdaşlıq əlaqələri, Azərbaycan-Avstriya Turizm Proqramının (AATP) 10 illik yubileyi ilə bağlı fikir mübadiləsi aparılıb. Sonda tədbir iştirakçılarına sertifikatlar verilib.
   
   Fariz Hüseynov