Bakı Şopinq Festivalına son hazırlıq işləri və digər məsələlər müzakirə olundu
   
   Aprelin 6-da Azərbaycan Respublikası Turizm Şurasının üçüncü iclası keçirildi. İclasda aprelin 10-da işə başlayacaq Bakı Şopinq Festivalının təşkili üzrə görülmüş işlər, Şuranın 2-ci iclasının protokoluna əsasən üzv qurumlar tərəfindən həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin cari vəziyyəti və 4-6 may tarixində Bakıda keçiriləcək IV Dünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq müzakirə olundu.
   Turizm Şurasının sədri, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək əvvəlcə gündəlikdə duran məsələlər haqqında məlumat verdi. Bildirdi ki, turizm ölkəmizdə qeyri-neft sektorunun prioritet istiqamətlərindən biridir və bu sahənin inkişafında ölkə başçısının 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq olunan Strateji Yol Xəritəsi mühüm rol oynayacaq. 
   Nazir Prezident İlham Əliyevin 27 dekabr 2016-cı il fərmanı ilə təsdiq edilmiş “Turizm Şurası haqqında Əsasnamə”də qarşıya qoyulmuş məqsədlər və onların həlli yolları barədə danışdı. Diqqətə çatdırıldı ki, son 3 ay müddətində ölkəmizə 557 min nəfərdən çox xarici turist gəlib. Xarici turistlər əsasən Rusiya, Gürcüstan, İran, Türkiyə və ərəb ölkələrini əhatə edir. 
   Turizm Şurası və Mədəniyyət və Turizm Nazirliyinin Milli Turizm Təbliğat Bürosunun fəaliyyətinə toxunan Əbülfəs Qarayev Novruz bayramı günlərində həyata keçirilən layihələrdən söz açdı. Belə layihələrin gələcəkdə paytaxtla yanaşı, regionlarda da həyata keçirilməsinin məqsədəuyğunluğu qeyd olundu. 
   Bakı Şopinq Festivalına hazırlıqla bağlı fikirlərini bölüşən nazir bildirdi ki, bu istiqamətdə bütün müvafiq işlər görülüb. 102 ticarət obyekti festivalda iştirak üçün qeydiyyatdan keçib və proses davam etməkdədir. Həmçinin 40-a qədər restoran iştirakçı qismində qeydiyyatdan keçib. Bundan əlavə, 6 apreldən etibarən 5 gün müddətində iştirakçılar üçün Azərbaycan Turizm və Menecment Universitetində treninqlər keçiriləcək. Treninqlər Vergilər Nazirliyinin mütəxəssisləri və Turizm və Menecment Universitetinin müəllim heyəti tərəfindən aparılır. Qısa müddətdə təşkil edilən festival cəmiyyətdə artıq böyük maraq doğurub. Televiziyalar və KİV, o cümlədən tədbirin media tərəfdaşı AZƏRTAC informasiya agentliyi cəmiyyəti festivalla bağlı məlumatlandırır. 
   Vurğulandı ki, festivalın uğurla reallaşması aidiyyəti qurumların əlaqəli fəaliyyətindən asılıdır: “Bundan sonra da əlaqədar strukturlarla birgə çalışaraq qarşıya çıxan çətinlikləri birlikdə həll edəcəyik”. 
   Əbülfəs Qarayev Ticarət festivalı günlərində ölkəmizdə bir sıra beynəlxalq tədbirlərin keçirilməsinin xarici turistlərin festivala marağını daha da artıracağını dedi. 
   Nazir ölkəyə xarici turistlərin daha rahat şəkildə girişinin təmin olunması üçün ölkə başçısının 20 fevral tarixində imzaladığı “Azərbaycan Respublikasına turist axının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamının əhəmiyyətini yüksək qiymətləndirdi. Bu sərəncama əsasən turistlər üçün vizaların verilməsi, sərhədkeçmə prosedurlarının sadələşdirilməsi, eləcə də ölkəmizə gələn xarici vətəndaşlarla birbaşa ünsiyyətdə olan əlaqədar qurumlara işin gedişi ilə bağlı müvafiq tövsiyələr verildi. 
   İclasda Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosunun direktoru Ülviyyə Mirqasımova Ticarət festivalına hazırlıqla bağlı hesabatla çıxış etdi. Bildirdi ki, festivala hazırlıqla bağlı məsələlər Turizm Şurasının 28 fevral 2017-ci il tarixdə keçirilən iclasında geniş müzakirə edilib. Ötən dövrdə zəruri işlər görülüb, əlaqədar qurumlar prosesdə yaxından iştirak ediblər: “Festival geniş təbliğ edilmiş, ƏDV-nin qaytarılması ilə bağlı məlumatlar ictimaiyyətə çatdırılmışdır. Bununla bağlı xüsusi maarifləndirici verilişlər yayımlanmışdır. ƏDV-nin qaytarılması proqramı üzrə normativ baza uğurla tamamlanmışdır. Xidmət şəbəkəsi üzrə hazırlıq işləri, o cümlədən proqram təminatı, müvəkkil bankların müəyyənləşməsi, ƏDV köşklərinin quraşdırılması və s. yekunlaşmışdır. Festivalın 7 ölkədə təbliğatı ilə bağlı işlər uğurla davam etdirilir”.
   Qeyd olundu ki, festival boyunca əyləncəli və mədəni tədbirlər keçiriləcək. Bu tədbirlər şəhərin ən sıx turist axını olan nöqtələrində reallaşacaq. Məqsəd isə mədəni irsin təbliği və mədəniyyətimizin tanıdılmasıdır. Bakı şəhəri ticarət və əyləncə ab-havasına hazırlanır. Festivalın saytı 1 mart tarixindən fəaliyyətə başlayıb və bir ay ərzində 57 min istifadəçi saytı ziyarət edib. Sosial şəbəkələrdə yerləşdirilmiş reklamlar 10 milyon dəfə baxılıb, 600 min nəfər buna münasibət bildirib. 
   O da bildirildi ki, festivala qatılmaq istəyən iştirakçıların qeydiyyatı festival boyunca davam edəcək. 
   İclasda həmçinin hava limanında festivalla bağlı köşklərin yerləşdirilməsi, festival zamanı ölkəyə gətirilən mallara güzəştli gömrük rüsumunun tətbiqi və s. məsələlərlə bağlı fikir mübadiləsi aparıldı. Digər qurumların festivala dəstək verməsi də müzakirə olundu. 
   Daha sonra iclas 4-6 may tarixində Bakıda keçiriləcək IV Dünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlığın müzakirəsi ilə davam etdi. 
   Nazir Əbülfəs Qarayev bildirdi ki, Turizm Şurası bu mötəbər tədbirdə yaxından iştirak edərək öz töhfəsini verməlidir. Diqqətə çatdırıldı ki, Forum BMT səviyyəsində dəstəklənəcək və tədbir BMT-nin rəsmi saytı vasitəsilə birbaşa yayımlanacaq.
   
   L.Azəri