Niderlandın paytaxtındakı “Amsterdam Royal Concertgebouw” konsert sarayında ölkənin Kral simfonik orkestrinin, xorunun və solistlərinin müşayiəti ilə görkəmli bəstəkar, Azərbaycanın Xalq artisti, professor Firəngiz Əlizadənin “Nasimi passion” əsərinin premyerası olub.
Avropanın nüfuzlu mədəniyyət təşkilatlarından olan “Amsterdam Royal Concertgebouw” tərəfindən son illərdə müxtəlif dinlərlə bağlı “İlahilər” layihəsi həyata keçirilir. Layihə çərçivəsində dünyanın müxtəlif dinlərinə məxsus bəstəkarlara əsərlər sifariş olunur və səsləndirilir. 2015-ci ildə islam dininə aid ilahilərin bəstələnməsi professor Firəngiz Əlizadəyə həvalə edilib və “Nasimi passion” (“Nəsimi ehtirası”) ərsəyə gəlib.
Əsərin premyerasından əvvəl bəstəkarla görüş keçirilib. Görüşdə musiqişünas Thea Derks “Nasimi passion” əsəri haqqında məlumat verib.
Firəngiz Əlizadə seçdiyi mövzu, Azərbaycanın böyük mütəfəkkiri İmadəddin Nəsimi barədə danışıb. Dahi mütəfəkkirin Yaxın Şərq ədəbiyyatına gətirdiyi mütərəqqi ideyalar və fəlsəfi düşüncə tərzindən söz açıb.
Bildirilib ki, əsərdə ümumi kontekstdə həm müasirlik, həm də Şərqin fərqli bir təfəkkür tərzi olan Orta əsr sufi fəlsəfəsi yanaşı işlənib. Bəstəkar iştirakçıların əsərlə bağlı suallarını cavablandırıb.
Konsert zamanı əsərin sözləri tərcümə edilərək ekranda göstərilib. Bu da dinləyicilərə həm musiqini dinləməyə, həm də əsərin sözlərini başa düşməyə, onu dərindən anlamağa imkan verib. Əsərdə Şərq təfəkkürünün və onun fəlsəfi ideyalarının özəyini təşkil edən tendensiyaların müasir üsullarla sintezi təqdim olunub.
“Nasimi passion” qeyri-ənənəvi tərkibə malik ansambl üçün nəzərdə tutulsa da, onun ifasında əsasən sufi məclislərində istifadə olunan musiqi alətlərinə müraciət olunub. Əsas prinsipi hər ölkəyə xas tembr səslənməsinin saxlanılmasından ibarət olan layihədə bir tərəfdən ney, tütək, kanon, qoşanağara və milli “səs”, digər tərəfdən isə violonçel, skripka və alt kimi klassik alətlər öz tembr rəngarəngliyi ilə dinləyicini valeh edib.
Almaniya Dövlət Teatrının solisti Əvəz Abdulla özünə xas fərqli ifası ilə tamaşaçıların ruhunu oxşayıb. Onun ifası sufi zikrlərindəki əsas ab-havanı və dinləyicidə vizual təəssürat yaratmağa imkan verib.
Bəstəkar əsər vasitəsilə Avropa dinləyicisini tanış olmayan və hər zaman maraq mərkəzində olan sirli bir mühitə qərq edib. Mistik ruhani fəlsəfə ilə müasir bəstəkar texnikası və modern düşüncə dərin vəhdət təşkil etdiyi əsər tamaşaçıların alqışları ilə qarşılanıb.
Konsertdən sonra musiqiçilər və solistlər əsərdən söz açaraq fikir mübadiləsi aparıb, hisslərini bölüşüblər. Onlar əsərin möhtəşəm olduğunu bildiriblər.
Bəstəkar və musiqi meneceri Gabriel Teschner vurğulayıb ki, Firəngiz Əlizadə Azərbaycan musiqisini Qərb musiqisi ilə yüksək səviyyədə sintez edib: “Biz iki fərqli musiqi mədəniyyətinin bəstəkar tərəfindən incəliklə birləşdirilməsinin şahidi olduq. Firəngiz Əlizadə altı yüz il əvvəl yazıb-yaratmış Nəsiminin qəzəllərini tamaşaçıya yüksək səviyyədə təqdim etdi. Mən Firəngiz Əlizadənin əsərinə valeh oldum. Musiqi nəşriyyatı olaraq onunla əməkdaşlıq etməkdən çox məmnunuq”.
İngiltərəli dirijor Martin Brabbins diqqətə çatdırıb ki, bu, fövqəladə əsər idi. “Firəngiz Əlizadənin əsərinə dirijorluq etməyə şadam. Bəstəkar əsərdə öz hisslərini yüksək səviyyədə təqdim edib. Orkestr musiqisi çox zəngin, xor partiyası möhtəşəm idi. Solistimiz də əla idi. Əvəz Abdullanın baritonunun keyfiyyəti çox yüksəkdir. Amsterdamdakı bu konsert, bu gecə möhtəşəm idi”, - deyə o bildirib.
Almaniya Dövlət Teatrının solisti Əvəz Abdulla bildirib ki, əsərdə muğamla Sebastyan Baxın musiqisinin birləşdirildiyi məqam skripkada ifa olunmağa başlayanda insan valeh olur, bunun üçün böyük ustalıq tələb olunur. O deyib: “Nəsiminin qəzəllərini, onunla bağlı çəkilən filmi uşaqlıqdan sevirəm. Bu gün Firəngiz xanımın əsərini ifa etməkdən çox razıyam. Bir neçə ay əvvəl təklif alanda Firəngiz xanım mənə dedi ki, bu, musiqidir, amma təkcə sözləri ifa etməklə kifayətlənməməlisən. Canlı obraz yaratmalısan. Düşünürdüm ki, bu obrazı necə canlandırım. Amma bu gün gördüm ki, istədiyimizə nail ola bilmişik”.