Musiqi layihəsi həyata keçiriləcək
Ölkəmizin Özbəkistandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi “Azərbaycan, Qarabağ, sülh üçün oxu” layihəsinə başlayır.
Layihənin məqsədi özbək ictimaiyyətinə Azərbaycanın mədəniyyət, musiqi beşiyi olan Qarabağı tanıtmaq, bu diyarda azərbaycanlıların yaratdığı zəngin mədəniyyət, musiqi, tarixi abidələri təbliğ etmək, torpaqları zəbt edilmiş və yurd-yuvalarını tərk etmiş Azərbaycan xalqının iztirablarını insanlara çatdırmaq və xalqımızın sülhsevər obrazını möhkəmləndirməkdir.
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin, ölkəmizin Özbəkistandakı səfirliyinin təşkilati dəstəyi ilə reallaşacaq layihədə özbək gəncləri 4 Azərbaycan muğam və mahnısını ("Bayatı-Şiraz", "Anadır arzulara Qarabağ", "Ay Laçın", "Sizə salam gətirmişəm") Azərbaycan və özbək dillərində ifa edəcəklər. Hazırlanacaq xüsusi videomaterialda paytaxt Daşkəndlə yanaşı Səmərqənd, Buxara, Xivə, Kokand, Nəvai, Fərqanə və s. şəhərləri təmsil edən gənclər qeyd edilən musiqi nömrələrini hissə-hissə oxuyacaqlar.
Müsabiqədə nəticələri müsbət qiymətləndirilən istedadlı uşaqların Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində geniş qala konserti keçiriləcək, qaliblər mükafatlandırılacaq. Mədəniyyət mərkəzinin direktoru Samir Abbasov bildirib ki, layihədə peşəkar müğənnilərlə yanaşı, həvəskar musiqiçilər də iştirak edəcəklər.