Yaponiyanın “TV Asahi” televiziya kanalında martın 1-dən 31-dək “Azərbaycan - gələcəyin ölkəsi” adlı xüsusi videoçarx nümayiş etdirilib. Paytaxt Bakı və bölgələrimizdən bəhs edən videoçarxın müəllifi, “Telecom Staff Inc.” şirkətinin direktoru Hayaşi Daysuke AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbiri ilə söhbətində ölkəmizə səfər təəssüratını bölüşüb.
Onun sözlərinə görə, Azərbaycan mövzusu son illər Yaponiyada çox geniş əks-səda doğurub: “Ölkəniz haqqında heç bir məlumatım olmasa da, Azərbaycanı yaxından öyrənmək və həmvətənlərimə daha ətraflı tanıtmaq məqsədilə belə bir videoçarx hazırlamaq qərarına gəldim. Haqqında çox eşitdiyim Qafqaz dağları mövzusu məni çox cəlb edirdi. Xüsusən bu dağların arasında yerləşən və insanların uzaq keçmişdən bəri yaşadığı kəndlər, onların həyat tərzi, mədəniyyəti ilə bağlı çəkilişlər aparmaq istəyirdim. Düşündüm ki, xüsusən İpək yolu üzərindəki yaşayış məntəqələri bu baxımdan çox maraqlı ola bilər”.
Hayaşi Daysuke səfər marşrutunun seçilməsində Misirdə turizm sahəsində çalışan, Bakını yaxşı tanıyan yapon dostunun və Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşının ona kömək etdiyini deyir: “Bakıdan başladığım yol Sumqayıt, Şamaxı, Quba, Qəbələ, İsmayıllı, Şəki, Gəncə, Göygöl və Lerik kimi şəhər və rayonlardan keçdi. Xüsusən Qəbələ çox xoşuma gəldi. Burada müasir turizm, insanların istirahəti və əyləncəsi üçün hər cür şərait var. Xizəklə sürüşmə mərkəzi ilə tanış olarkən mənim diqqətimi onun arxasında yerləşən kənd cəlb etdi. Kəndin adı Daşca idi. Kənd camaatı bizi çox böyük qonaqpərvərliklə qarşıladı, çay, yemək təklif etdi. Düzü, yerli sakinlərin dünyanın sonu sayılan Yaponiyadan gəlmiş, ilk dəfə gördükləri, tanımadıqları insana göstərdikləri diqqət və qonaqpərvərlik məni heyran etdi.
Azərbaycan tolerantlığı ilə də diqqətimi cəlb etdi. Burada müxtəlif dinlərə sitayiş edənlər çox mehriban qonşuluq şəraitində yaşayırlar. Mən bunu videoçarxda da göstərməyə çalışmışam.
Bir də Lerik rayonunda Uzunömürlülər muzeyini heç vaxt unutmayacağam. Yaponiya bütün dünyada uzunömürlü insanlar ölkəsi kimi tanınsa da, düşünürəm ki, Azərbaycana çata bilməz.
Hər yerdə insanlar bizi çox mehriban, səmimi qarşılayırdılar. Bəzi islam ölkələrindən fərqli olaraq, sizin insanlar kameradan qaçmır, çəkilişdən imtina etmirdilər. Onların xoş münasibəti, gülən simaları bizi daha həvəslə işləməyə ruhlandırırdı”.
Hayaşi Daysuke ölkəmizə bundan sonra da səfər etmək, çəkilişlər aparmaq niyyətindədir: “Azərbaycan öz gözəlliyi, tarixi, müasirliyi və insanları ilə məni heyran etdi. Bakıya gəlincə, həqiqətən də, çox möhtəşəm, gözəl paytaxtınız var. İçərişəhər isə insanı sanki bir anın içində uzaq keçmişə aparır. Mən böyük məmnuniyyətlə yenidən bu ölkəyə səfər edərək görmədiyim yerlər haqda yeni filmlər hazırlamaq istərdim. İşlədiyim proqramlardan biri velosipedlə dünyanı səyahət etməyi və qarşılaşdığımız yerlər barədə videoçarxlar hazırlamağı planlaşdırır. Çox istəyirəm ki, həmin proqram çərçivəsində yenidən Azərbaycana səfər edim”.