Aprelin 14-də Beynəlxalq Muğam Mərkəzdə Seyid Əzim Şirvaniyə həsr olunmuş musiqili-ədəbi gecə keçirildi.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutan gecədə şairin qəzəlləri və muğamlarımız Azərbaycan ədəbiyyatı və musiqisinin möhtəşəmliyini bir daha sübuta yetirdi.
Tədbirdə universitetin müəllim heyətindən Xalq artisti Simarə İmanova, əməkdar artistlər Teyyub Aslanov, Toğrul Əsədullayev, Əliağa Sədiyev və Azad Şükürovun tələbələri çıxış edirdi.
Gecədən əvvəl universitetin müəllimi, Əməkdar artist Vamiq Məmmədəliyev bildirdi ki, tədbir həm klassik irsimizi, həm də muğam sənətimizi təbliğ baxımından əhəmiyyət kəsb edir. Bu vəsilə ilə Seyid Əzim irsi bir daha xalqa çatdırılır.
Muğam sənəti kafedrasının baş müəllimi, Əməkdar artist Teyyub Aslanov vurğuladı ki, layihə gənc istedadların üzə çıxmasına şərait yaradır, eyni zamanda universitetdə təhsil alan tələbələrin potensialını göstərir. Bu səbəbdən də tədbirə müəllim və tələbə heyətimiz böyük məsuliyyətlə hazırlaşıb.
Əməkdar incəsənət xadimi Hafiz Quliyevin quruluşunda təqdim edilən gecədə müəllimləri ilə yanaşı tələbələr Günay Mehdiyeva, Məftun Səfərli, Rəvan Qaçayev, Xalid İmanov, Ağakərim Abbasov, Aidə Hicran, Sübhan Əhmədov, Ağaəli Kərimzadə, Aygül Rəcəbli, Novruz Şahverdiyev, Əzizə Həşimova, Əbülfəz İsgəndərov, Sona Novruzovanın çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılandı. Öz zəngin yaradıcılığı ilə Azərbaycan ədəbiyyatı tarixinə qızıl səhifələr əlavə edən Seyid Əzim Şirvani yaradıcılığı bir daha yad edilməklə musiqi və ədəbiyyatsevərlərə böyük ürfan sovqatı oldu.
Qeyd edək ki, keçən il layihə çərçivəsində Beynəlxalq Muğam Mərkəzində iki konsert keçirilib. Sayca üçüncü olan bu konsertdən sonra da layihənin davamı var. Mədəniyyət və İncəsənət Universiteti ilə birgə növbəti musiqili-ədəbi gecə 28 apreldə unudulmaz şair Mikayıl Müşfiqə həsr olunacaq.
Lalə Azəri