Azərbaycan və Özbəkistan turizm assosiasiyaları arasında əməkdaşlıq memorandumu imzalanıb
Xəbər verdiyimiz kimi, aprelin 13-14-də Daşkənddə keçirilən “İstirahət dünyası” V Beynəlxalq turizm sərgisində ölkəmizin turizm imkanları da nümayiş olunub.
Mədəniyyət və Turizm Nazirliyinin tapşırığı ilə sərgidə ölkəmizi Özbəkistandakı səfirliyimizin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) təmsil edib. Sərgidə həmçinin Azərbaycan Turizm Assosiasiyasının rəhbəri Nahid Bağırov, Naftalan şəhərindəki “Çinar” və “Qaşaltı” hotellərinin nümayəndələri iştirak edib. Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev sərginin açılışında iştirak edib.
Azərbaycan üçün ayrılmış guşədə ölkəmizin tarixi-mədəni irsi, müasir inkişafından bəhs edən kitablar, tanıtım nəşrləri nümayiş olunub. Qarabağın milli qadın və kişi geyimləri, qədim məişət əşyalarımız, həmçinin tar, kamança, saz, qaval, nağara və suvenirlərimiz tamaşaçılarda xüsusi maraq doğurub.
Sərgi iştirakçıları ölkəmizin zəngin mədəniyyəti, turizm potensialı ilə bağlı da məlumatlandırılıblar. Azərbaycan üçün ayrılmış guşədə Mədəniyyət və Turizm Nazirliyindən göndərilən turizmə dair nəşrlər də nümayiş etdirilib. Azərbaycan guşəsinə gələnlər milli şirniyyatlarımızdan olan şəkərbura və paxlavaya qonaq ediliblər.
AMM-in nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa edib.
AMM-in direktoru Samir Abbasov qeyd edib ki, qurumun məqsədi sərgi vasitəsilə ölkəmizə özbək turistləri daha çox cəlb etməkdir. Mərkəzin son üç ildə Özbəkistanda apardığı təbliğat öz bəhrəsini verir. Özbək turistlərin xüsusilə Naftalan sanatoriyalarına marağı artıb.
S.Abbasov deyib ki, Azərbaycan stendinə gələnlərə mərkəzin layihəsi ilə hazırlanan “Baku Shopping Festival” adlı xüsusi bukletlər paylanıb və bu mövzuda videoçarx nümayiş etdirilib.
* * *
Tədbir çərçivəsində Azərbaycan və Özbəkistanın turizm assosiasiyaları arasında əlaqələrin inkişafına dair əməkdaşlıq memorandumu imzalanıb. Sənədi Azərbaycan Turizm Assosiasiyasının rəhbəri Nahid Bağırov və Özbəkistan Turizm Assosiasiyasının rəhbəri Nəbican Kasimov imzalayıblar.
Memorandumda tərəflər qarşılıqlı təcrübə, informasiya mübadiləsi, turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, birgə turların, turizmin təbliği ilə bağlı birgə tədbirlərin keçirilməsi, bu istiqamətdə qarşılıqlı səfərlərin təşkili, hər iki ölkə arasında sağlamlıq turizminin təşviqi və bu istiqamətdə turist axınının gücləndirilməsinə dəstək göstərilməsi və s. məsələlər nəzərdə tutulub.
İmzalanma mərasimindən sonra AMM-in hazırladığı bədii proqram təqdim olunub.