UNESCO-nun himayəsi ilə təşkil olunan tədbirə
dünyanın caz artistləri qatılacaq
Aprelin 30-da beş qitənin musiqiçiləri və caz pərəstişkarları Beynəlxalq caz gününü qeyd etmək üçün Kubanın paytaxtı Havanaya toplaşacaq. Əlamətdar günlə bağlı UNESCO-nun məlumatı da yayılıb.
UNESCO-nun baş direktoru İrina Bokova və qurumun xoşməramlı səfiri Herbi Henkok 2017-ci il aprelin 30-da dünyada 6-cı dəfə Beynəlxalq caz gününün qeyd ediləcəyini vurğulayıblar.
“Əlamətdar günün əsas hadisəsi dünya miqyasında tanınan ulduzların iştirakı ilə Havanada - Alisiya Alonso adına Böyük Teatrda baş tutacaq konsert olacaq”, - deyə UNESCO-nun məlumatında bildirilir.
Havanadakı konsert UNESCO-nun rəsmi saytlarında canlı yayımlanacaq. Tədbirdə bütün dünyadan artistlər iştirak edəcək.
Konsertlə yanaşı, Kuba və digər ölkələrin bir çox görkəmli musiqiçiləri, pedaqoqları ustad dərsləri, cemseyşn, improvizasiya məşğələləri və caz konsertlərində iştirak edəcəklər. Bu tədbirlər Havana və Kubanın digər şəhərlərindəki məktəb, muzey, şəhər mərkəzləri, kitabxana, caz klublar və parklarda keçiriləcək. Bundan əlavə, on minlərlə kubalı məktəbli caz tarixinin öyrənilməsi üçün proqramlarda iştirak edə bilər.
Qeyd edək ki, azadlığın və yaradıcılığın universal dili kimi cazın xüsusi rolu nəzərə alınaraq 2012-ci ildə UNESCO-nun Baş konfransı tərəfindən Beynəlxalq caz gününün qeyd edilməsi qərara alınıb.