Aprelin 27-də Polşanın Krakov şəhərində Turizm və etika üzrə 3-cü Beynəlxalq konqres işə başlayıb. Tədbirdə Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai, qurumun icraçı direktoru Zoltan Şomoqi, Turizm Etikası üzrə Dünya Komitəsinin sədri Paskal Lami, bir sıra ölkələrin turizm administrasiyaları və turizm şirkətlərinin nümayəndələri iştirak edir. Ölkəmizi tədbirdə Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin böyük məsləhətçisi Cavid Abdullayev təmsil edir.
Konqresdə turizm sənayesinin rəqabətliliyinin gücləndirilməsi məqsədilə inklüziv turizmin inkişaf perspektivləri, təbii və mədəni resursların effektiv idarə edilməsi modelləri, davamlı turizmin və turizm etikasının sənayenin kompleks inkişafında oynadığı rol, turizmin inkişafında sahibkarlığın üzərinə düşən öhdəliklər, uğurlu dövlət-özəl sektor əməkdaşlığına dair nümunələr və digər mövzular ətrafında müzakirələr aparılır.
Tədbir aprelin 28-də başa çatacaq.