Akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş sərgi və konsert
   
   Aprelin 26-da Bakıdakı “Qalereya 1969” salonunda Nəsimi Rayon İcra Hakimiyyəti ilə birgə görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 94-cü ildönümünə həsr olunmuş sərgi keçirilib. 
   
   Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, millət vəkilləri, incəsənət xadimləri iştirak edib.
   Əvvəlcə Zərifə xanım Əliyeva haqqında videoçarx nümayiş olunub. 
   Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov çıxış edərək akademik Zərifə Əliyeva haqqında danışıb, sərgi barədə məlumat verib: "Sərgidə Azərbaycan rəssamlarının 35 əsəri nümayiş olunur. Bu əsərlər Zərifə xanıma həsr olunub. Akademik Zərifə Əliyeva elmi fəaliyyəti ilə yanaşı, Azərbaycan mədəniyyətinə hər zaman diqqət ayırıb, mədəniyyət və incəsənət xadimləri ilə sıx münasibətləri olub.
   Eyni zamanda evinin xanımı, gözəl ana olub. Ulu öndər Heydər Əliyevə işlərində dəstək olub, İstedadlı və bilikli övladlar böyüdüb. Bu sənət əsərləri də onun əziz xatirəsinə ehtiram nümunəsidir". 
   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tədbir haqqında fikirlərini bildirib: "Öncə onu diqqətinizə çatdırım ki, akademik Zərifə Əliyeva haqqında tədbirlərin mədəniyyət ocaqlarında keçirilməsi onun Azərbaycan mədəniyyətinə verdiyi dəyərlərdən irəli gəlir. Ulu öndər Heydər Əliyevin ailəsində mədəniyyət və incəsənətə hər zaman böyük qayğı göstərilib. Akademik Zərifə Əliyeva da Azərbaycan mədəniyyətinə öz diqqətini heç vaxt əsirgəməyib. Zərifə xanımın təqdirəlayiq addımları gənclərə, yeni nəsillərə örnəkdir. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycan mədəniyyəti intibah dövrünü yaşayıb, bu gün də bu proses davam edir”.
   Tədbirdə Xalq artisti Samir Cəfərov "Ana" mahnısını ifa edib. Sonda iştirakçılar sərgi ilə tanış olublar.
   * * *
   Aprelin 26-da R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş “İnsanlara nur bəxş edən alim” adlı tədbir keçirilib.
   Nəsimi Rayon İcra Hakimiyyəti və Azərbaycan Milli Konservatoriyası nəzdində fəaliyyət göstərən Asəf Zeynallı adına Musiqi Kollecinin birgə təşkilatçılığı ilə gerçəkləşən tədbirdə Zərifə xanım Əliyevanın zəngin və mənalı ömür yolundan söz açılıb. Vurğulanıb ki, görkəmli alim hər zaman öz qayğıkeşliyi və səmimiyyəti ilə insanların rəğbətini, ehtiramını qazanıb. 
   Tədbir konsert proqramı ilə davam edib. Proqramda Azərbaycan və dünya bəstəkarlarının əsərləri səslənib.