Mayın 2-də Azərbaycan Milli Kitabxanasında “Qədim tarixi Quran kitabları” sərgisinin açılışı keçirildi. Mədəniyyət və Turizm Nazirliyi, “İbrət” ictimai-dini redaksiyası və Milli Kitabxananın birgə təşkilatçılığı ilə hazırlanan sərgi “İslam həmrəyliyi ili”nə həsr olunub.
Tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq sərginin Mədəniyyət və Turizm Nazirliyi ilə Qafqaz Müsəlmanları İdarəsinin birgə rəyi əsasında reallaşdığını bildirdi. Vurğulandı ki, ölkə başçısı tərəfindən 2017-ci il Azərbaycanda “İslam həmrəyliyi ili” elan edilib, bu çərçivədə silsilə layihələr həyata keçirilir.
Qeyd olundu ki, ölkəmiz mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edir. 4-6 may tarixində gerçəkləşəcək IV Dünya Mədəniyyətlərarası Dialoq Forumu, mayın 12-dən 22-dək keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ölkəmizin multikultural dəyərlərini nümayiş etdirəcək: “Xalqımız islam dininə, onun müqəddəs kitabı Qurani-Kərimə etiqadını hər zaman qoruyub saxlayıb. Bu sərgidə nümayiş olunan kitablar Azərbaycanın müxtəlif bölgələrindən toplanıb. Onların arasında 600, 500, 300 yaşlı kitablar var. Dünyanın müxtəlif ölkələrindən gəlmiş nüsxələr də burada təqdim olunur. İnanıram ki, Misir, İraq və İrandan gətirilən kitablar, daş üzərinə həkk olunmuş Quran ayələri və s. böyük maraqla qarşılanacaq”.
Kərim Tahirov islam dininin, Qurani-Kərimin insanları hər zaman sülhə səslədiyini dedi: “Bir çox ölkələrdə yaranan islamofobiya tam əks düşüncələrə xidmət edir. İslam sülh və qardaşlıq dinidir. Elmi, savadı və tərbiyəni təbliğ edən Quran insanları kamilliyə çağırır”.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdir müavini Cahandar Əlifzadə qeyd etdi ki, İslam Həmrəyliyi Oyunları təkcə idman yarışı olmayacaq, eyni zamanda müsəlman aləmində gənclərin, media mənsublarının həmrəyliyinə xidmət edəcək.
İraqın Nəcəf şəhərindən gəlmiş tarixçi Hüseyn Əbdül Mehdi, Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşı Hacı Valeh və “İbrət” ictimai-dini redaksiyasının əməkdaşı Nəhayət Hüseynova ölkəmizdə “İslam həmrəyliyi ili” ilə bağlı həyata keçirilən layihələr söz açdılar.
Bildirildi ki, qədim Quran nüsxələrinin qorunub saxlanılması Azərbaycanın müxtəlif bölgələrində əsrlər boyu elmə, dinə və kitaba olan hörmətin göstəricisidir. Sovet rejimi islam dinini nə qədər sıxışdırmağa çalışsa da, xalqın etiqadına güc gələ bilməyib. Sərgidə təqdim edilən kitablar xalqımızın öz tarixinə və mənəviyyatına biganə qalmadığını göstərir.
Sonda Qurandan ayə oxundu, sərgiyə baxış keçirildi.
Lalə Azəri