Xalq artisti Firəngiz Əlizadənin “Nasimi Passion” əsərinin Bakı premyerası 
   
   Aprelin 28-də Bəstəkarlar İttifaqında ittifaqın sədri, Xalq artisti, professor Firəngiz Əlizadənin “Nasimi Passion” əsərinin Bakı təqdimatı keçirildi.
   Qeyd edək ki, əsərin dünya premyerası 7-9 apreldə Niderlandda, “Amsterdam Royal Concertgebouw” konsert sarayında ölkənin Kral simfonik orkestrinin, xorunun və solistlərinin müşayiəti ilə gerçəkləşib.
   Təqdimatdan əvvəl bildirildi ki, Avropanın nüfuzlu mədəniyyət təşkilatlarından olan “Amsterdam Royal Concertgebouw” tərəfindən son illər ərzində müxtəlif dinlərə məxsus “Passions” - “İlahilər” layihəsi həyata keçirilir. Bununla bağlı dünyanın ayrı-ayrı dini mənsubiyyətli görkəmli bəstəkarlarına əsərlər sifariş olunub və səsləndirilib. Bu irihəcmli musiqi əsərlərinin ifası Avropa ölkələrində, kütləvi informasiya vasitələrində böyük rezonans doğurub. 
   2015-ci ildə İslam dininə aid olan ilahilərin də bəstələnməsi gündəmə gəlib, bu iş müsəlman mədəniyyətinə məxsus olan Azərbaycan peşəkar bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi, UNESCO-nun “Sülh artisti” Firəngiz Əlizadəyə həvalə olunub. Layihə əsasında ərsəyə gələn “Nasimi Passion” əsəri (35 dəqiqəlik) dünyaca şöhrətli ingilis dirijor Martins Brabbinsin idarəsi ilə səsləndirilib. 
   Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda əsərin Amsterdamda lentə alınmış videoyazısı nümayiş olunduqdan sonra müəllif səhnəyə çıxaraq fikirlərini dinləyicilərlə bölüşdü. 
   Firəngiz Əlizadə bildirdi ki, Azərbaycanın böyük mütəfəkkir şairi İmadəddin Nəsiminin Yaxın Şərq ədəbiyyatına gətirdiyi mütərəqqi ideyalar və fəlsəfi düşüncə hər zaman aktualdır: “Düz altı əsr bundan əvvəl - 1417-ci ildə böyük Azərbaycan mütəfəkkiri, şair İmadəddin Nəsimi Suriyanın Hələb şəhərində edam edilib. Tarixdən də bizə məlumdur ki, müxtəlif dövrlərin bir sıra seçilmiş insanları öz ölümlərini edam məkanlarında tapmışlar”.
   Müəllif əlavə etdi ki, Nəsiminin edam və dəfn olunduğu Hələb şəhəri indi hər gün bombalanır, orda günahsız insanlar, qocalar öldürülür. Böyük şairin ruhu da bu qəriblikdə sərgərdandır: “Mən “İlahilər” əsəri üzərində işləyərkən, Hələb şəhərində vəziyyət gündən-günə pisləşirdi və bu, əsərə təsir etmədən ötüşmədi. Bir məsələni də vurğulamaq vacibdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2017-ci ilin “İslam həmrəyliyi ili” elan olunması bu mühüm mədəni hadisənin əhəmiyyətini daha da artırır. Bu premyeranın mədəniyyətlərarası dialoqun qurulmasına bir töhfə olacağına inanırıq”.
   “Nasimi Passion” əsəri təqdimatda iştirak edən sənət adamları, musiqişünaslar və muğam ifaçıları tərəfindən alqışlarla qarşılandı. 
   
   Lalə Azəri