ATMU və Daşkənd İqtisadiyyat Universiteti arasında memorandum imzalanacaq
   
   Daşkənd Dövlət İqtisadiyyat Universitetində (DDİU) “Turizm təhsili: problemlər və perspektivlər” adlı konfrans keçirilib. 
   Tədbirdə Özbəkistanın Turizmin İnkişafı üzrə Dövlət Komitəsinin, ölkəmizin Özbəkistandakı səfirliyi nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM), ölkənin aparıcı turizm şirkətlərinin nümayəndələri, mütəxəssislər iştirak edib.
   Tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin nümayəndəsi Kifayət Pirməmmədova Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) barədə məruzə edib. Məruzədə ölkəmizdə turizm təhsili sahəsində dünya standartlarına cavab verən ali təhsil ocağının tədris prosesi barədə danışılıb, mövzu ilə bağlı videoçarx nümayiş etdirilib.
   Dəyirmi masada çıxış edən səfirliyimizin birinci katibi, AMM-in direktoru Samir Abbasov Azərbaycanın turizm təhsili sahəsində Özbəkistanla əməkdaşlığa önəm verdiyini, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin sisteminə daxil olan Turizm və Menecment Universitetinin turizm təhsili sahəsində bir sıra uğurlar əldə etdiyini qeyd edib. Tələbələrin sualını cavablandıran S.Abbasov Azərbaycanın turizm sahəsində böyük infrastruktur layihələri həyata keçirdiyini, ölkənin görkəminin tamamilə dəyişdiyini və son illər Azərbaycana böyük turist axınının olduğunu vurğulayıb.
   Diqqətə çatdırılıb ki, iki ölkə arasında turizm təhsili sahəsində əməkdaşlığa zəmin yaratmaq üçün AMM-in təşəbbüsü əsasında DDİU ilə ATMU arasında memorandumun imzalanmasına dair razılıq əldə edilib. Memorandumda turizm təhsili sahəsinin aktual məsələlərinə dair birgə konfransların, seminarların təşkili, elmi nəşrlərin mübadiləsi, birgə yay məktəblərinin təşkili, qarşılıqlı tələbə mübadiləsinin həyata keçirilməsi kimi məsələlər yer alacaq.