İspaniyanın paytaxtı Madriddə “Ciudad de Leganes” adlı pianoçuların beynəlxalq müsabiqəsi keçirilib. Müsabiqədə Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsi G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin IX sinif şagirdi Jalə İslamova ikinci yerə layiq görülərək laureat adını qazanıb.
Jalə İslamova 12 ölkəni təmsil edən pianoçular arasında üçüncü yaş qrupunda çıxış edib. O, birinci turda L.V.Bethoven və F.Listin, ikinci turda isə F.List, İ.S.Bax və A.Bəbirovun əsərlərini ifa edib.
İştirakçılar İspaniya, Rusiya, Almaniya, İsrail və Kubadan olan münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Qeyd edək ki, gənc pianoçu ötən il Litvanın Kaunas şəhərində keçirilən beynəlxalq müsabiqədə birinci yeri və Yunanıstanda beynəlxalq müsabiqədə laureat adını qazanıb, bu il isə İslam dünyası gənc klassik musiqi ifaçılarının VIII beynəlxalq müsabiqəsində ikinci yeri tutub. Onun məsləhətçi müəllimi N.Tabasaranskayadır.