L. və M.Rostropoviçlərin Bakıdakı ev-muzeyində “M.Rostropoviçsiz 10 il” adlı xatirə gecəsi keçirilib. Tədbirə maestronun qızı, Rostropoviç Fondunun prezidenti Olqa Rostropoviç və fondun nümayəndələri də fəxri qonaq qismində qatılıb.
Gecəni muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Şeyla Heydərova açaraq paytaxtımızda 9-cu dəfə keçirilən Beynəlxalq Rostropoviç festivalının tarixindən, muzeydə maestroya həsr edilmiş anım günlərindən, ithaf konsertlərindən bəhs edib. Direktor Olqa Rostropoviçə muzeyə göstərdiyi qayğı və diqqətə görə minnətdarlığını bildirib.
Qonaqlar muzeyin ekspozisiyası, o cümlədən Beynəlxalq Rostropoviç festivalı ilə eksponatlarla tanış olublar.
Tədbirdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllim və tələbələri maestroya ithaf edilmiş konsert proqramı ilə çıxış edib. Əməkdar incəsənət xadimi, professor Nəzmiyə Abbaszadənin bədii rəhbərliyi ilə gerçəkləşən proqramda Əməkdar artist Aleksey Miltıx, beynəlxalq və respublika müsabiqələri laureatları S.Tağızadə, M.İbrahimov, O.Hüseynov, BMA-nın tələbələrindən ibarət kvartet tərəfindən A.Vivaldi, F.Şopen və R.Şumanın əsərləri ifa olunub.
Həmçinin ötən 10 ildə muzeydə təşkil olunan tədbirlərin xronikasından fraqmentlər, muzeyin fəaliyyətini əks etdirən, muzeyin zəngin fondundan seçilmiş şəkillərdən ibarət slayd-şou nümayiş olunub.
Sonda Mstislav Rostropoviç Fondunun nümayəndəsi ev-muzeyinin direktoruna minnətdarlığını bildirib.