Mayın 10-12-də İspaniyanın paytaxtı Madriddə Birləşmiş Millətlər Dünya Turizm Təşkilatı (UNWTO) İcraiyyə Şurasının 105-ci sessiyası keçiriləcək. Sessiya çərçivəsində “Şəhər turizminin davamlı inkişafı” mövzusunda dəyirmi masa keçiriləcək.
Tədbirin gündəliyində, həmçinin qurumun baş katibi vəzifəsinə yeni seçkinin keçirilməsi nəzərdə tutulub. Hazırda UNWTO-nun baş katibi Taleb Rifaidir.
Qeyd edək ki, 2017-ci ildə Dünya Turizm Təşkilatı İcraiyyə Şurasına Azərbaycan Respublikası sədrlik edir. Ölkəmiz ötən ilin oktyabrında qurumun Misir Ərəb Respublikasının Luksor şəhərində keçirilən 104-cü sessiyasında İcraiyyə Şurasına sədr seçilib.
Bu il Birləşmiş Millətlər Təşkilatı tərəfindən “Beynəlxalq inkişaf naminə davamlı turizm ili” elan olunub. Dünya Turizm Təşkilatının saytında yer alan məlumata görə, “Beynəlxalq davamlı turizm ili”ndə beş mühüm sahədə - hərtərəfli və dayanıqlı iqtisadi inkişaf; sosial inklüzivlik, məşğulluq və yoxsulluğun azaldılması; təbii ehtiyatlardan səmərəli istifadə, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi; mədəni dəyərlər, müxtəliflik və irs; qarşılıqlı anlaşma, sülh və təhlükəsizlik məsələlərində turizmin rolu təşviq ediləcək.