Bakıda IV Dünya Mədəniyyətlərarası Dialoq Forumu keçirildi
   
   “Mədəniyyətlərarası dialoq forumunun təşkil edilməsi ideyası tariximiz, reallığımız və belə məsələlərin müzakirəsi üçün geniş formatın yaradılması arzumuzdan qaynaqlanırdı” 
   
   Altı il bundan əvvəl biz bu təşəbbüsü irəli sürdük və birinci Mədəniyyətlərarası Dialoq Forumu Bakıda keçirilmişdir. O vaxtdan bəri beynəlxalq gündəlikdə duran ən mühüm məsələlərdən olan mədəniyyətlərarası dialoqun müzakirə edildiyi bu Forum qlobal beynəlxalq tədbirə çevrilmişdir.
   Hər bir beynəlxalq tədbirin, hər bir forumun əhəmiyyəti təkcə müzakirə edilən mövzularla deyil, həm də iştirakçıların sayı ilə ölçülür. Biz çox şadıq ki, 120 ölkədən olan 800-dən artıq qonaq bugünkü Forumda iştirak edir, 50-dən çox beynəlxalq qurum özünün yüksək səviyyəli nümayəndəsini Bakıya göndərmişdir.
   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu sözləri mayın 5-də “Mədəniyyətlərarası dialoqun inkişafı: insan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda IV Dünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimində deyib. Azərbaycan hökuməti və UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, İSESCO-nun tərəfdaşlığı ilə gerçəkləşən Forumun rəsmi açılışı Heydər Əliyev Mərkəzində olub.
   Mərasimdə nitq söyləyən Prezident əmin olduğunu bildirib ki, Forum çərçivəsində aparılacaq müzakirələr və fikir mübadiləsi mədəniyyətlərarası dialoqun təşviqinə töhfə verəcək. “Tarix, ənənələr və coğrafiyamız bizə onu diktə edib ki, Azərbaycan sivilizasiyaların qovuşduğu bir məkan ola bilər və bu, məhz belə də olmalıdır. Əsrlər boyu Azərbaycanda xalqlar həmişə müxtəliflik mühitində yaşayıb. Multikulturalizm, etnik və dini müxtəliflik tariximizin bir parçası və bugünkü reallıqdır. Biz bununla fəxr edirik”, - deyə dövlət başçısı vurğulayıb.
   * * *
   Prezident qeyd edib ki, 2011-ci ildə ilk dəfə mədəniyyətlərarası dialoq forumunun təşkil edilməsi ideyası tariximiz, reallığımız və həmçinin belə məsələlərin müzakirəsi üçün geniş formatın yaradılması arzumuzdan qaynaqlanırdı: “Bu gün buna əvvəlkindən daha çox ehtiyac var. Təəssüf olsun ki, bu gün dünyada narahatlıq doğuran bəzi tendensiyalar mədəniyyətlərarası dialoqla deyil, özgələşmə ilə nəticələnir. Dünyanın müxtəlif yerlərində münaqişə, qarşıdurma və vətəndaş müharibələrinin səbəbi müxtəlif din və etnik qrup nümayəndələrinin arasında anlaşmanın olmamasıdır”.
   Diqqətə çatdırılıb ki, Azərbaycan artıq 5 dəfə Beynəlxalq Humanitar Forum təşkil edib: “Bir neçə il bundan əvvəl Dünya Dini Liderlərinin Zirvə Görüşünü təşkil etmişik. Ötən il Bakı BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna uğurla ev sahibliyi etdi. Nəhayət, biz 4-cü dəfədir ki, toplaşaraq mədəniyyətlərarası dialoq məsələsini müzakirə edirik”.
   Prezident daha sonra deyib: “Azərbaycan həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Avropa Şurasının üzvü olan məhdud sayda dövlətlərdən biridir. Avropa Şurası ölkələrinin nazirlərinin 2008-ci ildə toplantısını təşkil edərkən biz İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin müvafiq nazirlərini də dəvət etdik. Yəni, ilk dəfə idi ki, belə böyük tədbir təşkil edildi və 100-dən artıq dövlətin nümayəndəsi mədəniyyətlərarası münasibətlər mövzusunu müzakirə etmək üçün bir araya gəldi.
   İslam Əməkdaşlıq Təşkilatının üzvü kimi Azərbaycan 2009-cu ildə nazirlər səviyyəsində toplantıya ev sahibliyi etdi. O vaxt biz Avropa Şurasına üzv dövlətlərin nazirlərini Bakıya dəvət etdik. Bu təşəbbüs və bu format sonradan “Bakı prosesi” adlandırıldı və biz bununla fərəhlənirik. Birincisi, ona görə ki, bu, bizim təşəbbüsümüz idi. İkincisi isə ona görə ki, Bakı və Azərbaycan mədəniyyətlərarası dialoqun mərkəzi olmağa layiqdir. Gələn il biz “Bakı prosesi”nin 10-cu ildönümünü qeyd edəcəyik. Azərbaycan Hökuməti və BMT-nin Sivilizasiyalar Alyansı tərəfindən mədəniyyətlərarası dialoq sahəsində liderlik xidmətlərinə görə “Bakı Prosesi Mükafatı”nın təsis edilməsi təşəbbüsü irəli sürülüb ki, həmin mükafat mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun təşviqində olduqca fəal rol oynamış şəxslərə təqdim ediləcəkdir”.
   Qeyd olunub ki, Azərbaycan tərəfindən irəli sürülmüş daha bir mühüm təşəbbüs Bakıda Avropa Oyunlarının keçirilməsi idi. 2015-ci ildə ilk Avropa Oyunları Bakıda 5 mindən artıq avropalı idmançının iştirakı ilə baş tutdu: “Bu Oyunlar bir idman tədbiri idi, lakin hesab edirəm ki, onların rəmzi mənası da var idi. Çünki ilk dəfə təşkil olunan Avropa Oyunları bir müsəlman ölkəsində keçirilirdi. Bu, multikulturalizmin və dini dözümlülüyün göstəricisi idi. Xalqımız avropalı qonaqlara özünün ənənəvi qonaqpərvərliyini nümayiş etdirdi.
   Bir həftədən sonra biz bütün müsəlman ölkələrini təmsil edən 3 min idmançının iştirakı ilə IV İslam Həmrəyliyi Oyunlarının açılışını edəcəyik. Yəni, iki il müddətində eyni şəhərdə Avropa Oyunları ilə yanaşı, İslam Həmrəyliyi Oyunlarının keçirilməsi bizim siyasətimizin və niyyətimizin göstəricisidir. Bir daha da qeyd etmək istəyirəm ki, bu, sadəcə idman tədbiri deyil. Bu, insanları birləşdirən hadisədir. Bizim İslam aləmində, ilk növbədə, birliyə ehtiyacımız var”.
   * * *
   Dövlət başçısı əlavə edib ki, Azərbaycan İslam dəyərlərinin təbliği baxımından çox vacib rol oynayır. Biz Avropa paytaxtlarında müxtəlif beynəlxalq tədbirlər - təqdimat və sərgilər təşkil edərək qədim İslam mədəniyyətini təbliğ edirik: “Azərbaycan islamofobiya və İslamı terrorçuluqla əlaqələndirmə əleyhinə ən fəal mübarizə aparan ölkələrdəndir. Yəni, regionumuzu daha təhlükəsiz etmək üçün bizim müsəlman dünyasında birliyə ehtiyacımız var. Eyni zamanda, gərginliyin azaldılması üçün bizim İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası və digər beynəlxalq təsisatlar arasında əlaqələndirməyə ehtiyacımız var.
   Beləliklə, mədəniyyətlərarası dialoq haqqında danışanda biz aydın şəkildə anlayırıq ki, həmin dialoqun uğurunun təsirini hər bir sahədə - siyasi həyatda, təhlükəsizlik ilə bağlı sahələrdə və iqtisadi əməkdaşlıqda görmək olar. Bütün dünyanı əhatə edən bu Forum da bizim niyyətimizin bariz nümunəsidir”.
   Prezident qeyd edib ki, 25 illik müstəqillik dövründə böyük inkişaf yolu keçən Azərbaycanın əsas problemi üzləşdiyi hərbi təcavüzdür: “Təəssüf ki, müstəqilliyimizin bərpası erməni işğalı ilə müşayiət edilirdi və bunun nəticəsi olaraq, ərazimizin 20 faizi - Dağlıq Qarabağ və digər yeddi rayonumuz Ermənistan tərəfindən işğal edildi. İşğal nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrildi. Xalqımıza qarşı etnik təmizləmə həyata keçirildi. Bu gün işğal olunmuş ərazilərimizdə bütün tarixi abidələr və tikililərimiz Ermənistan tərəfindən dağıdılıb, məscidlərimiz yerlə-yeksan edilib.
   Bakıda, şəhərin mərkəzində erməni kilsəsi yerləşir və biz onu təmir etmişik. Ermənistan isə işğal olunmuş ərazilərdə bizim tarixi və dini irsimizi məhv edib. ATƏT işğal edilmiş ərazilərə iki dəfə faktaraşdırıcı missiya göndərib və onların hesabatlarında da ərazilərin viran olunması öz əksini tapıb. Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır. Dağlıq Qarabağ Azərbaycanın tarixi və hüquqi bir parçasıdır”.
   Azərbaycanın əldə etdiyi iqtisadi nailiyyətlərdən söz açan dövlət başçısı deyib ki, ölkəmizin irəli sürdüyü nəqliyyat və enerji layihələri inkişaf və firavanlığın təmin edilməsi məqsədinə xidmət etməklə yanaşı, eyni zamanda, bizim beynəlxalq əməkdaşlıq və mədəniyyətlərarası dialoqa olan sərmayəmizdir.
   Forumun müzakirə edəcəyi aktual məsələlərə toxunan dövlət başçısı bildirib ki, çağdaş dünyada savadsızlıq, yoxsulluq, sosial qeyri-bərabərlik və ədalətsizlik radikalizmin əsas mənbəyidir. Buna görə radikalizmi aradan qaldırmaq üçün biz onun fundamental səbəblərini müzakirə etməliyik. Eyni zamanda, mədəniyyətlərarası münasibətlərin dəyərlərini təbliğ etməliyik ki, insanlar sülh şəraitində birgəyaşayışın üstünlüyünü aydın görsünlər: “Ancaq bir çox müsbət nümunələr də var və biz onları nümayiş etdirməliyik. Hesab edirəm ki, bu Forumun əhəmiyyəti və məqsədlərindən biri də onu nümayiş etdirməkdir ki, biz bu məsələləri müzakirə edir və səylərimizi səfərbərliyə alırıq. Əminəm ki, Forumun bütün iştirakçılarının burada eyni gündəliyi var - mədəniyyətlərarası dialoqun dəyərlərini təşviq etmək və gücləndirmək”.
   * * *
   Açılış mərasimində UNESCO-nun baş direktoru xanım İrina Bokova, BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasser, BMT-nin Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai, İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif Əl-Osaymin, İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri, Avropa Şurası baş katibinin müavini xanım Qabriella Battaini, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) aparat rəhbəri Mario Lubetkin çıxış edərək ölkəmizin dördüncü dəfə ev sahibliyi etdiyi Dünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətindən bəhs ediblər. Qeyd olunub ki, “Bakı prosesi” artıq qlobal platformaya çevrilib və bir çox ölkələrdə mədəniyyətlərarası dialoqa, inklüziv cəmiyyətə rəvac verən bir proses kimi qəbul olunur və dəstəklənir.