Bundestaqın deputatı Azərbaycan mədəniyyətinin və turizm imkanlarının ölkəsində tanıdılması ilə bağlı təkliflər irəli sürüb
   
   Mayın 8-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Almaniya Bundestaqının (parlamentin aşağı palatası) Cənubi Qafqaz ölkələri üzrə Parlamentlərarası dostluq qrupunun rəhbəri xanım Karin Strenzin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. 
   Əbülfəs Qarayev qonaqları salamlayaraq onların ölkəmizə səfərini yüksək qiymətləndirib. 4-6 may tarixində Bakıda keçirilmiş IV Dünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında almaniyalı heyətə məlumat verən nazir tədbirin əhəmiyyətindən bəhs edib.
   Xanım Karin Strenz Azərbaycan-Almaniya əlaqələrinin genişləndirilməsi, eləcə də Azərbaycan mədəniyyətinin Almaniyada tanıdılması istiqamətində görülən işlər haqqında Bundestaqın məlumatlandırılmasının əhəmiyyətindən söhbət açıb. Qonaq Azərbaycanın turizm potensialının tanıdılması istiqamətində də gələcəkdə birgə işlər görülməsi, eləcə də Almaniyanın Höte Universiteti ilə qarşılıqlı təcrübə mübadiləsi aparılması və bu çərçivədə mədəni əlaqələrin genişləndirilməsi təklifini irəli sürüb.
   Nazir Əbülfəs Qarayev Azərbaycanda alman məskənlərinin salınmasının 200 illik yubileyi ilə bağlı Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncama uyğun olaraq həyata keçirilən layihələr və görüləcək tədbirlər haqqında məlumat verib, bu işdə Almaniya hökumətinin də yaxından iştirakının əhəmiyyətini xüsusi vurğulayıb. Bu çərçivədə birgə sərgi və festivalların təşkili, turizm şirkətləri ilə qarşılıqlı əməkdaşlıq əlaqələri qurmaqla ölkəmizdə alman tarixi-mədəni irsinin qorunması, bərpası və təqdim olunmasında birgə fəaliyyətin vacibliyi qeyd olunub.
   Almaniya paytaxtında hər il təşkil olunan “İTB Berlin” beynəlxalq turizm sərgisində Azərbaycanın yüksək səviyyədə iştirak etdiyi və gələcək illərdə ölkəmizə turist səfərlərinin təşviqi istiqamətində bu kimi sərgilərdə Azərbaycanın təqdimatla iştirak etməyə hər zaman hazır olduğu bildirilib.
   Görüşdə iki ölkə arasında birgə əməkdaşlıq məsələlərinin daha da genişləndirilməsi məsələləri müzakirə olunub.