Mayın 6-da Forum çərçivəsində “Türk dünyası mədəniyyətlərin və sivilizasiyaların kəsişməsində" mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva qeyd edib ki, türkdilli xalqlar dünya tarixi və mədəniyyətində əhəmiyyətli rol oynayıblar. Ümumtürk mədəniyyəti dünya mədəniyyətinə böyük töhfələr verib, türkdilli xalqların dahi şəxsiyyətləri - mütəfəkkirləri, yazıçıları və şairləri, alimləri bəşəri nailiyyətlər qazanıblar. Bu baxımdan Nizami Gəncəvi, Yunus Əmrə, Nəsimi, Füzuli, Məhtumqulu, Abay Kunanbayev, Çingiz Aytmatov kimi türk dahilərinin əsərləri dünya inciləri sırasındadır. “Kitabi-Dədə Qorqud”, “Koroğlu”, “Manas” dastanları bütün türk dünyasının sərvətidir.
Günay Əfəndiyeva Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyəti, həyata keçirdiyi layihələr barədə də məlumat verib. Diqqətə çatdırılıb ki, qurumun fəaliyyət istiqamətlərindən biri məhv edilmiş və mənimsənilmiş mədəni irsin mühafizəsi ilə əlaqədardır. “Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrinə vurulan zərər” adlı kitab nəşrə hazırlanır.
Dəyirmi masada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov, TÜRKSOY-un baş katibi Dusen Kaseinov və TürkPA-nın baş katibi Jandos Hasanovun türkdilli ölkələrin müxtəlif sahələr üzrə əməkdaşlığının təşviq edilməsi, sülh və təhlükəsizlik, davamlı inkişaf, mədəni irsin qorunması ilə bağlı çıxışları dinlənilib.
AMEA-nın Şərqşünaslıq İnstitutunun direktor müavini Şahin Mustafayev diqqətə çatdırıb ki, türk xalqlarının mədəniyyətinin ortaq cəhətlərindən biri onların tarixən Böyük İpək Yolu gerçəkliyi ilə sıx şəkildə bağlı olmasıdır.
Sonra BDU-nun Sosial və pedaqoji psixologiya kafedrasının müdiri, psixologiya elmləri doktoru, professor Kamilə Əliyevanın “Mədəniyyətlərarası dialoq milli-etnik identikliyin formalaşması prosesi kimi”, Rusiya Xalq Təsərrüfatı və Dövlət Xidməti Akademiyasının professoru, UNESCO-nun eksperti Nizami Məmmədovun “Türk dünyasının mədəniyyəti: birlik və müxtəliflik” mövzusunda məruzələri dinlənilib.