Qazax müəllifin əsərinin ən yaxşı ifasına görə
May ayının ilk günlərində gənc dirijor Fərhad Qarayusifli Azərbaycana daha bir mükafat gətirdi. O, Qazaxıstan paytaxtında keçirilən Nurğisa Tlendiyev adına dirijorların beynəlxalq müsabiqəsinin diplomuna layiq görülüb.
Dünyanın müxtəlif ölkələrindən 60 musiqiçi 4 turdan ibarət müsabiqə proqramında öz məharətini sınayıb. Ən güclü yeddi iddiaçı arasında final mərhələsinə çıxan soydaşımız “Qazax müəllifin əsərinin ən yaxşı ifasına görə” (Nurğisa Tlendiyevin «Abayın tərbiyəti» əsəri) xüsusi mükafata və müsabiqənin diplomantı adına layiq görülüb.
Bu, Fərhadın ikinci mükafatıdır. 2011-ci ildə o, Türkiyənin Ədirnə şəhərində keçirilən gənclər arasında kamera musiqisi ifaçılarının beynəlxalq müsabiqəsində laureat adını qazanıb.
Azərbaycan Televiziya və Radiosunun S.Rüstəmov adına Xalq çalğı alətləri orkestrində çalışan Fərhad Qarayusiflinin dediyinə görə, müsabiqədə iddiaçılar Astana şəhər filarmoniyasının simfonik orkestri ilə çıxış ediblər. ABŞ, Rusiya, Özbəkistan və Qazaxıstandan tanınmış dirijorların yer aldığı münsiflər heyəti iştirakçıların məharətini qiymətləndirib.
Həmsöhbətim bildirir ki, ciddi mübarizə və həyəcan içində keçən müsabiqədə qazandığı mükafat onun üçün mühüm stimuldur. Üstəlik, mükafatlandırma mərasimində Azərbaycanın görkəmli dirijorlarının adının çəkilməsi, Azərbaycan musiqisi barədə deyilən xoş sözlər onu bir qədər də ruhlandırıb. Astanada tanış olduğu dirijorların Fərhaddan bizim bəstəkarların əsərlərinin notlarını onlara göndərməyi xahiş etməsi isə Azərbaycan musiqisinin şöhrətindən xəbər verir.
Fərhad Qarayusifli Astanadan zəngin təəssüratla qayıdıb:
- Görkəmli musiqiçilər ilə tanış oldum, onlardan ustad dərsləri aldım. Rusiyanın Əməkdar artisti, P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının simfonik orkestrinin bədii rəhbəri və baş dirijoru, professor A.A.Levin, Özbəkistan Dövlət Konservatoriyasının professoru V.B.Neymerdən qiymətli tövsiyələr eşitmək xoş idi. Orada həmçinin Moskvaya - professor Yuri Simonovun ustad dərsinə dəvət aldım. Bundan başqa, P.Çaykovski adına Moskva Dövlət Akademik Filarmoniyasının səhnəsində Moskva Akademik Simfonik Orkestri ilə çıxış etmək imkanı qazandım. Digər tərəfdən, Qazaxıstanın zəngin mədəniyyəti, ənənələri, mətbəxi ilə tanış oldum, «gələcəyin şəhəri» adlandırılan Astana ilə tanış oldum.
Məlumat üçün deyək ki, Qazaxıstanda milli peşəkar musiqinin təşəkkülündə, xalq çalğı alətləri orkestrlərinin yaradılmasında və orkestrlər üçün əsərlərin bəstələnməsində böyük xidmətləri olmuş Nurğisa Tlendiyevin irsi ölkədə daim əziz tutulur. Astana Filarmoniyasının akademik Folklor-etnoqrafik orkestri onun adını daşıyır. Görkəmli bəstəkar-dirijorun adına olan fond isə qazax milli musiqisinin təbliğində, gənc istedadların üzə çıxarılmasında böyük işlər görür.
Gülcahan Mirməmməd