Milli Azərbaycan Tarixi Muzeyində konfrans keçirildi
   
   Mayın 16-da AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində “Muzeylər: müasir tendensiyalar” mövzusunda konfrans keçirildi. 18 may - Beynəlxalq muzeylər gününə həsr olunmuş tədbir Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəz ilə Milli Azərbaycan Tarixi Muzeyi arasında imzalanmış əməkdaşlıq memorandumuna əsasən reallaşdı. 
   Muzeyin direktoru, akademik Nailə Vəlixanlı konfransın əhəmiyyətindən söz açdı. Bildirdi ki, muzeylər arasında təcrübə mübadiləsi, onların müasir dövrə uyğun fəaliyyət göstərməsi üçün Elmi-Metodik Mərkəzlə birlikdə bir sıra layihələrin həyata keçirilməsi nəzərdə tutulub.
   Elmi-Metodik Mərkəzin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev muzey işi sahəsində eksperimental layihələrin vacibliyini diqqətə çatdırdı. Bildirdi ki, muzey işində təkmilləşmə pillə-pillə həyata keçirilməlidir. Eksponatların necə təqdim edilməsi, müasir ziyarətçinin necə cəlb edilməsi yolları düşünülməlidir: “Bu gün maraqlı olmaq istəyirsənsə, yeni tendensiyalar tətbiq etməyi bacarmalısan. Muzeylərin inkişafı üçün aktual addımlar atılmalıdır. Muzeylərin nüfuzlu müəssisəyə çevrilməsi üçün onların əməkdaşlarının bilik və savadı, işə yanaşması, yeni düşüncə və baxışları da buna cavab verməlidir”. 
   Regionlarda fəaliyyət göstərən diyarşünaslıq muzeylərinin fəaliyyəti haqqında fikirlərini bölüşən A.Usubəliyev qeyd etdi ki, bəzən təkcə bir eksponatla elm, tədqiqat, təbliğat, ideoloji xarakterli fəaliyyət qurmaq mümkündür.
   Sonra konfrans məruzələrlə davam etdi. Azərbaycan Turizm və Menecment Universitetinin İctimai fənlər kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Günay Qafarovanın “Muzey və bədii təhsil”, həmin universitetin baş müəllimi Sevil Kərimovanın “Mədəni irsin muzeydə interpretasiyasına kulturoloji yanaşma”, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin elmi işçisi, kulturologiya üzrə fəlsəfə doktoru Nailə Əliyevanın “Muzey işinin təşkilində muzey menecmentinin tətbiqi”, Milli Azərbaycan Tarixi Muzeyinin elmi işçisi Əli Fərhadovun “Milli Azərbaycan Tarixi Muzeyində islam mədəniyyətinin təbliğinə dair: Corci Zeydan nümunəsi” və s. mövzularda məruzələr dinlənildi. 
   Tədbirdə qabaqcıl muzey işçilərinə Elmi-Metodik Mərkəzin fəxri diplom və sertifikatları təqdim olundu. 
   Konfransın sonunda mövzu ilə bağlı tədbir iştirakçılarının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə müraciət məktubu ünvanlandı.
   
   L.Azəri