Rusiyanın MDB üzrə turizm və səyahətlər bazarına dair araşdırmalar üzrə ixtisaslaşmış turstat.com saytı 2017-ci ilin yay fəslində aktiv istirahət üçün ən populyar dağ kurortlarını müəyyən edib. Belə kurortlarda fəal istirahətə dağ yürüşləri (trekkinq), cippinq, dağ velosipedlərində yürüş (mauntinbayk), atla gəzintilər, SPA və fitnes daxildir.
   Rusiyalı turistlər üçün MDB ölkələrindəki bu qəbildən istirahət məkanlarının ilk beşliyində ölkəmiz də var. Azərbaycanda Şahdağ, Qazaxıstanda Çimbulaq, Qırğızıstanda Karakop kimi kurortlar rusiyalı turistlərin çox bəyəndiyi ünvanlardandır.
   Saytın yazdığına görə, bu reytinq mehmanxanaların onlayn bronlaşdırılması sistemi məlumatları analizinin nəticələri əsasında tərtib edilib. Turistlər dağ kurortlarında aktiv istirahətə orta hesabla 7 gün ayırırlar. Qalmaq və qidalanma daxil olmaqla, bu istirahət onlara sutkada 70-100 ABŞ dollarına başa gəlir. 
   Populyar qış kurortları siyahısında adı ikinci cərgədə yazılan Şahdağ Turizm Mərkəzində turistlər istirahət üçün sutkada təxminən 90 dollar xərcləməlidir. 
   Agentlik rusiyalı turistlər üçün qarşıdakı yay mövsümündə hansı kurortların populyar olacağı barədə də proqnoz verib. MDB ölkələrindəki yay kurortların ilk beşliyində yenə Azərbaycan yer alıb. 
   Siyahıya Borovoye (Qazaxıstan), İssık-Kul (Qırğızıstan) ilə yanaşı Lənkəran (Azərbaycan) bölgəsi daxildir. Mehmanxanaların onlayn bronlaşdırılması əsasında müəyyən edilən məlumatlara əsasən, Rusiyadan olan turistlər Borovoyeda orta hesabla 12 gün, İssık-Kulda 10 gün, Xəzərin Lənkəran sahilində 7 gün keçirməyi məqbul sayırlar. MDB ölkələrindəki yay kurortlarında istirahət turistlərə sutkada 60-80 dollara başa gəlir.
   Turstat Rusiyadan MDB kurortlarına üstünlük verənlərin haralı olması ilə də maraqlanıb. Bir qayda olaraq, Moskva, Sankt-Peterburq şəhərləri, Moskva vilayəti və Cənubi Uralda yaşayanlar belə kurortları seçirlər. 
   
   G.Mirməmməd