23-25 may tarixində Ankara şəhərində İslam Əməkdaşlıq Təşkilatı (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsinin (COMCEC) milli və işçi qruplar üzrə əlaqələndirici şəxslərinin 5-ci illik koordinasiya iclası keçirilib.
İclasda Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Marketinq sektorunun məsləhətçisi Azər Orucov iştirak edib.
İclasın gündəliyinə uyğun olaraq 23 may tarixində COMCEC-in Katibliyi tərəfindən qurumun strategiyasının icra vəziyyəti, üzv ölkələrdə COMCEC-in fəaliyyətinin genişləndirilməsi, komitə tərəfindən həyata keçirilən tədqiqat işlərinin inkişaf etdirilməsi mövzusunda təqdimatlar nümayiş olunub və təqdim olunan mövzular ətrafında müzakirələr aparılıb. Həmçinin COMCEC-in siyasi tövsiyələrinin icrasında meydana çıxan çətinliklər və işçi qrupların 2017-2020-ci illərdə fəaliyyət istiqamətləri müzakirə mövzusu olub.
Növbəti iki gün ərzində COMCEC çərçivəsində layihə maliyyələşməsi, layihələrin hazırlanması, təqdim olunması mövzusunda müzakirələr aparılıb və tədbir iştirakçılar üçün sosial proqramla davam edib.
Məlumat üçün bildiririk ki, İslam Əməkdaşlıq Təşkilatının 4 daimi komitəsindən biri olan COMCEC-in tərkibində 6 sahə (ticarət, maliyyə, nəqliyyat və kommunikasiya, kənd təsərrüfatı, turizm və yoxsulluğun azaldılması) üzə işçi qrupu fəaliyyət göstərir.