Qara Qarayev adına Mərkəzi incəsənət məktəbində beynəlxalq və respublika müsabiqələri laureatı, VIII sinif şagirdi, gənc tarzən Kənan Namazovun solo konserti keçirilib.
Əvvəlcə musiqişünas Leyla Həsənova çıxış edərək Kənanın 2016-2017-ci il tədris ilində qazandığı uğurlardan danışıb. Qeyd edilib ki, istedadlı şagird "Bakı payızı-2016", "Harmony", "Testene-Art-Baku" kimi beynəlxalq və bir çox respublika müsabiqələrində laureat adını qazanıb. Bu uğurların arxasında onun çalışqanlığı ilə yanaşı, müəllimi Nurlan Cəfərlinin əməyi dayanır.
Konsertmeyster Sevinc Kərimova, həmçinin Elvin İbalı (kamança), Fərhad Həsənov (xanəndə) və Rəhman Quluzadənin (nağara) çıxış etdiyi konsert proqramında Kənanın yüksək səviyyədə ifa etdiyi “Zabul Segah” muğamı, A.Vivaldinin "Storm" ("İlin fəsilləri"ndən), V.Adıgözəlovun “Laylay”, A.Rubinşteynin "Əndəlus qızı", H.Rzayevin “Çahargah rapsodiyası”, S.Əliyevanın “Ana", Ş.Axundovanın "Mehriban olaq" və s. musiqi nömrələri alqışlarla qarşılanıb.
* * *
İyunun 3-də Qara Qarayev adına Mərkəzi incəsənət məktəbinin təşəbbüsü və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilati dəstəyi ilə İçərişəhər açıq səma altında qalereyada Beynəlxalq uşaqları müdafiə gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Mərkəzi incəsənət məktəbi şagirdlərinin çəkdikləri rəsmlər sərgilənib, məktəbin ansamblları çıxış edib.