Cövdət Hacıyevin 100 illiyi münasibətilə Nyu-Yorkda təşkil olunan konsert Amerika mediasında işıqlandırılıb
Xəbər verildiyi kimi, Nyu-Yorkun ən nüfuzlu konsert zallarından olan “Carnegie Hall”da Azərbaycanın görkəmli bəstəkarı, simfonik musiqimizin əsasını qoyanlardan biri olan Cövdət Hacıyevin anadan olmasının 100 illik yubileyi münasibətilə möhtəşəm konsert keçirilib. Musiqi gecəsi ABŞ-ın media vasitələrində də işıqlandırılıb.
“New Frontier” qəzetində dərc edilən məqalədə qeyd olunur ki, 5 aprel 2017-ci il tarixində dünyanın tanınmış musiqiçiləri Azərbaycanın ən məşhur bəstəkarlarından olan Cövdət Hacıyevin yüzilliyini qeyd etmək üçün toplaşmışdı. “Carnegie Hall”da keçirilən tədbir autizm xəstəliyi olan uşaqlar üçün "Özünü musiqi ilə ifadə et" adlı xeyriyyə qala konserti çərçivəsində təşkil olunmuşdu.
Cövdət Hacıyevin qızı, Florida Universitetində fortepiano kafedrasının professoru, Pərvin Muradovanın rəhbərlik etdiyi təşkilat komitəsi konsertdə iştirak etmək üçün bütün yaş qruplarından olan məşhur musiqiçiləri bir araya gətirmişdi. Onların arasında Amerikada yaşayan tanınmış pianoçu və bəstəkar Aleksandr Peskanov, dirijor Miriam Burns, rusiyalı müğənni Boqdan Petrenko və kanadalı müğənni Sabrina Özden, azərbaycanlı virtuoz skripkaçı Elvin Qəniyev, Azərbaycan xalq çalğı alətlərinin ifaçısı, amerikalı Cefri Verbok, Böyük Britaniyadan pianoçu Yelena Makarova və bir çox başqaları var idi. Konsertdə iştirak edən tələbə pianoçular Aşley Ondoua Konqa, Rupa Ranqanat, Culia Meyerdinq, Keni Ci, Kseniya Yançuk, Makalaya Duyen Vu möhtəşəm ifa nümayiş etdirdilər.
A.Peskanovun Cövdət Hacıyev və onun həyat yoldaşı Əminə Dilbazinin xatirəsinə bəstələdiyi “Azəri rapsodiyası”nın dünya premyerası ayaq üstə alqışlandı. C.Hacıyevin "Laylay" mahnısı Karnegi zalında ilk dəfə soprano Sabrina Özden, Cefri Verbok (kamançada) və Pərvin Muradova (fortepianoda) tərəfindən ifa edildi. Şərq intonasiyalarının Qərb konsepsiyaları ilə ahəngdar qarışığı və klassik formalarla xalq musiqisi arasında orqanik sintezin müstəsna həzz yaratdığı bir əsərin parlaq nümunəsi təqdim olundu. Yazıda o da qeyd edilir ki, S.Özden həmçinin tarixi İpək Yolunun keçdiyi şəhərlər arasında mədəni mübadilə və əməkdaşlıq proqramının səfiridir.
Məqalədə daha sonra vurğulanır ki, C.Hacıyevin “Skertso”sunun virtuoz skripkaçı Elvin Hoca Qəniyev tərəfindən fövqəladə ifası tamaşaçılarda unudulmaz təəssürat yaratdı.
Gecədə iştirak edən qonaqlar arasında Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev, daimi nümayəndənin müavini Tofiq Musayev, BMT-də İslam Əməkdaşlıq Təşkilatının daimi müşahidəçisi, səfir Aqşin Mehdiyev, Florida, Ohayo, Texas ştatlarındakı Azərbaycan icmalarının üzvləri və başqaları olublar.
Proqramın rəhbəri Pərvin Muradovanın sözlərinə görə, Cövdət Hacıyevin gözəl əsərlərinin Karnegi zalındakı premyerası “Tam onun gözlədiyi kimi və ondan da artıq oldu. Bu çox gözəl bir gecə idi!”
Məqalə bu sözlərlə bitir: “Cövdət Hacıyev şah əsərlər hesab olunan bir miras qoyub getdi. Onların arasında səkkiz simfoniya, üç simfonik poema, Qara Qarayev ilə birgə yazdığı "Vətən" operası, simli kvartetlər, fortepiano üçün sonata və ballada, solo və xor əsərləri və bir sıra digər əsərləri göstərmək olar. Bu əsərlər klassik musiqinin inciləri olaraq dinləyicilərə zövq verməyə və bütün dünyada Azərbaycan musiqisini tərənnüm etməyə davam edəcək”.