Lənkəran Dövlət Dram Teatrının yaradıcı kollektivi klassik fransız dramaturqu Jan Batist Molyerin “Jorj Danden və ya aldadılmış ər” komediyasına müraciət edib. Hazırda məşqləri davam edən səhnə əsərində sevgi, məhəbbət, xəyanət, ailə, əxlaq və mənəvi problemlərdən söz açılır.
Tamaşaya quruluşu teatrın baş rejissoru Tural Mustafayev verib. Səhnə tərtibatı rəssam Tərlan Sadıqovun, musiqi tərtibatı Fərahim Fərəcovundur.
İyunun sonları üçün premyerası nəzərdə tutulan səhnə əsərində rolları Xalq artisti Qabil Quliyev, əməkdar artistlər Zemfira Nəcəfova və Sucəddin Mirzəyev, aktyorlar Niftulla Əsgərov, Qızılgül Quliyeva, Aynur Əhmədova, Təranə Fərəcova, Sayad Əliyev, Hikmət Cəfərov, Şəbnəm Hüseynova, Rauf Zeynalov, Günel Abbaszadə və digərləri ifa edirlər.
Qeyd edək ki, “Jorj Danden və ya aldadılmış ər” komediyasını dilimizə Xalq artisti Qabil Quliyev çevirib.