İyunun 9-da Azərbaycan Dövlət Mahnı Teatrında Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Rəşid Behbudov adına 2 nömrəli Onbirillik musiqi məktəbinin konsert proqramı təqdim edildi. Konsert görkəmli müğənni, SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı Rəşid Behbudovun (1915-1989) anım gününə həsr olunmuşdu. 
   Əvvəlcə unudulmaz müğənninin həyat və yaradıcılığı haqqında məlumat verildi. Sonra görkəmli müğənninin adını daşıyan musiqi məktəbinin fəaliyyətindən bəhs edən videoçarx və məktəbin məzunu olmuş tanınmış sənət adamlarının fikirlərini özündə əks etdirən slayd nümayiş olundu. 
   Diqqətə çatdırıldı ki, 1990-cı ildə məktəbə Rəşid Behbudovun adı verilib. 2006-cı ildən etibarən onbirillik tədris müəssisəsinə çevrilib. Məktəbin şagirdləri respublika və beynəlxalq müsabiqələrdə uğur qazanırlar. Təhsil ocağının nəzdində şagirdlərdən ibarət xalq çalğı alətləri orkestri, xor kollektivi və skripkaçılar ansamblı fəaliyyət göstərir. 
   Daha sonra səhnə şagirdlərin ixtiyarına verildi. Konsertdə məktəbin istedadlı şagirdlərinin ifasında S.Ələsgərovun “Rəqs-tokkata”, Q.Qarayevin “Fikirli”, D.Şostakoviçin “Lirik vals”, V.Gillokun “Flamenko”, V.A.Motsartın “Rondo”, F.Mendelsonun “Skerso”, V.Montinin “Çardaş”, C.Rossininin “Oğru sağsağan” əsərləri səsləndirildi. Ümumilikdə 24 musiqi nömrəsinin təqdim edildiyi proqram öz rəngarəngliyi ilə seçilirdi. İl ərzində bir neçə konsertlə çıxış edən kollektiv təkrara yol vermir, daim yeni nömrələrlə tamaşaçıları təəccübləndirməyə çalışır. 
   Tədbirdə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vuqar Zeynalov, Bəstəkarlar İttifaqının katibi, professor, musiqişünas Zemfira Qafarova, Bakı uşaq musiqi və incəsənət məktəblərinin direktorları və digər qonaqlar iştirak edirdilər. Tədbir məktəbin birləşmiş xor kollektivinin ifasında V.Yanqın “Around the world”, T.Quliyevin “Dostluq” və “Neftçilər” mahnıları ilə yekunlaşdı. İfalar dinləyicilər tərəfindən alqışlarla qarşılandı.
   
   Lalə