İyunun 12-də Abşeron rayon Xırdalan şəhər Mədəniyyət mərkəzində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının və rayon Təhsil Şöbəsinin “İslam həmrəyliyi ili” ilə əlaqədar məktəblər arasında keçirdiyi “Nağılları yaşadaq” adlı müsabiqəyə yekun vurulub.
Aprelin 21-də start götürən müsabiqədə Abşeron rayonundan 38 təhsil ocağının 4-cü və 6-cı sinif şagirdləri iştirak ediblər. Onların arasından seçilən 6 məktəb finala vəsiqə qazanıb. Layihənin məqsədi uşaqları islam ölkələrinin mədəniyyəti, adət-ənənəsi, folkloru ilə yaxından tanış etmək, biliklərini artırmaq və maarifləndirməkdir.
Müsabiqənin yekun mərhələsində məktəblilər Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Misirin xalq nağıllarını təqdim ediblər.
Mərkəzin foyesində islam ölkələrinin nağıllarından ibarət kitab sərgisi nümayiş olunub, əl işləri təqdim edilib.
Xalq rəssamı Arif Hüseynov, Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova, Gənc Tamaşaçılar Teatrının aktyoru Elnur Hüseynov, uşaq yazıçısı Sevinc Nuruqızı, Respublika Kitab Kollektorunun direktoru Ələddin Əsədovun yer aldığı münsiflər heyəti qaliblərə mükafatları təqdim edib.
Xırdalan şəhəri 8 saylı tam orta məktəb (türk nağılı - “Kəloğlanın arzusu”) I yerə, Mehdiabad qəsəbəsi 4 saylı tam orta məktəb (Misir nağılı - “Sevimli kəpənəklər”) II, Ceyranbatan qəsəbəsi 2 saylı tam orta məktəb (özbək nağılı - “Üç qarpız toxumu”) III yerə layiq görülüb.