Dilimiz varlığımızdır
   
   Azərbaycanda dil siyasətinin yürüdülməsi Xalq Cümhuriyyəti dövründən başlanır. Hökumətin 27 iyun 1918-ci il tarixli qərarı Azərbaycan dilini dövlət dili elan edən ilk rəsmi sənəd kimi böyük əhəmiyyətə malikdir. Azərbaycanda milli dil siyasətinin formalaşması millətin mənafeyinə uyğun düzgün ideoloji mövqeyin də əsasını qoymuşdur. Lakin Azərbaycan sovetləşəndən sonra dilimiz çox ciddi təzyiqlərə məruz qalmışdır. 
   Görkəmli dövlət xadimi Heydər Əliyev respublikamıza rəhbərliyə başladığı ilk illərdən Azərbaycan dilinin siyasi nüfuzunun yüksəlməsinə çalışmış, doğma dilimizə işləklik qazandırmaq, onun dövlət dili kimi yüksək bir statusa sahib olmasını təmin etmək üçün məqsədyönlü addımlar atmışdır. Ümummilli liderin təşəbbüsü ilə 1978-ci il Konstitusiyasında ilk dəfə Azərbaycan dili dövlət dili kimi rəsmiləşdirilmişdir. 
   Məlumdur ki, dilin cəmiyyətdəki mövqeyi dövlətçiliklə birbaşa bağlıdır. Dövlətçilik dilin dayağıdır. Dilin müstəqil inkişafı, zənginləşməsi və nüfuzu bilavasitə dövlətçiliklə bağlı olduğu üçün dil dövlətin əsas atributlarından biri hesab olunur. Ona görə də ana dilimizin dövlət dili statusu Konstitusiyada qanuniləşdirildikdən sonra dövlət idarəçiliyinin müxtəlif sferalarında, sosial-iqtisadi həyatda dilimizin fəaliyyət dairəsi tədricən genişlənməyə başladı.
   Ümummilli liderin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edən Azərbaycan Respublikasında dil siyasəti sahəsində də bu varislik qorunub saxlanıldı. “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir”, - deyən ulu öndər mövcud tarixi təcrübəni və müasir dövrün tələblərini nəzərə alaraq mükəmməl bir dil siyasəti yürütmüşdür. Heydər Əliyev dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızla görüşlərində də bu məsələyə hər zaman xüsusi diqqət ayırmış, Azərbaycan dilinə sevgini azərbaycançılıq ideologiyasının əsas əlamətlərindən biri kimi təsbit etmişdir. 
   Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsində Prezident Heydər Əliyevin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli fərmanı mühüm tarixi rol oynamışdır. Bu fərmanla Azərbaycan dövlətinin müstəqillik təcrübəsinə əsaslanan ümummilli lider dövlət dilinin tətbiqi sahəsində görülməli olan zəruri işlərin proqramını ortaya qoydu. 1939-cu ildə repressiyaya uğradılmış latın qrafikalı Azərbaycan əlifbasına ulu öndərin uzaqgörən siyasəti nəticəsində yeni həyat verildi. Azərbaycan türk dünyasında Türkiyədən sonra latın qrafikasına keçən ilk postsovet türk respublikası oldu. Yeni qrafikaya keçid eyni zamanda rus imperiyasına bağlılıqdan xilas olmaq istiqamətində irəliyə doğru atılmış ilk mühüm və düşünülmüş addım idi.
   Ümummilli liderin milli dil siyasəti onun layiqli varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının 12 yanvar 2004-cü ildə imzaladığı kiril əlifbasında olan bədii və ictimai-siyasi ədəbiyyatın latın qrafikasında nəşri haqqında sərəncamı milli dil siyasətinin reallaşması baxımından çox mühüm əhəmiyyət kəsb edir. Eləcə də 2007-ci il 30 dekabr tarixində imzalanan “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamı ana dilinin həyatımızın bütün sahələrində tam və müfəssəl tətbiqini gerçəkləşdirmişdir.
   Dilimizin qorunması, əhatə dairəsinin genişləndirilməsi, beynəlxalq arenaya çıxışı və s. sahələrdə xeyli iş görülmüşdür. Bütün bunlarla yanaşı, son illər dünya miqyasında gedən qloballaşma prosesləri ilə əlaqədar milli dəyərlər, o cümlədən milli varlığımızın əsas vasitəsi olan dilimizin istifadəsi istiqamətində bir sıra mühüm tədbirlərin həyata keçirilməsinə zəruri ehtiyac yaranmışdır. Məhz buna görə Prezident İlham Əliyev 9 aprel 2013-cü il tarixdə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı təsdiq etmişdir. 
   2014-2020-ci illəri əhatə edən Dövlət proqramında nəzərdə tutulan zəruri tədbirlərin bir qismi artıq həyata keçirilmişdir. Belə ki, Dövlət proqramı işığında hazırda Azərbaycan dilində termin yaradıcılığı sahəsində işlərin tənzimlənməsi və koordinasiya edilməsi, eləcə də müxtəlif sahələrdə tərcümə işinin mərkəzləşdirilmiş qaydada və məqsədyönlü şəkildə aparılması üçün Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Terminologiya Komitəsi və Tərcümə Mərkəzi kimi dövlət orqanları yaradılmışdır. 
   Dövlət proqramının icrası çərçivəsində Azərbaycan dili ilə yanaşı, dilçiliyin, tərcümə fəaliyyətinin, terminologiya istiqamətinin də inkişafına diqqət verilir və məsələ kompleks şəkildə öz həllini tapır. Bu mühüm dövlət sənədində ana dilinin saflığının qorunması, ədəbi dilin inkişafı ilə yanaşı, Azərbaycan dilçilik elminin vəziyyəti haqqında məsələ qaldırılır, Azərbaycan dilçiliyinin qarşısında xüsusi tələblər qoyulur. 
   Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsində muxtar respublikanın dialekt və şivələri sistemli şəkildə öyrənilir, dilçiliyimizin müxtəlif problemlərinə dair araşdırmalar aparılır. Son bir neçə ildə bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Dilçilik şöbəsi əməkdaşlarının “Naxçıvan dialekt və şivələri”, “Naxçıvan ağızlarının söz varlığı”, “Azərbaycan dilinin Şahbuz şivələri” və “Naxçıvan şivələrinin frazeologiyası” və “Naxçıvan dialekt və şivələrinin lüğəti” kitabları çap olunmuşdur. 
   Hazırda xidmət sahələri və istehsal müəssisələri insanların ən çox üz tutduqları ünvanlardır və burada istifadə olunan reklam lövhələrindəki yazıların ana dilimizdə yazılması vacib şərtdir. Muxtar respublikada reklam və elan lövhələrində yazıların ədəbi dilimizin bütün normalarına uyğun şəkildə əks olunması biz dilçi alimləri razı salan haldır. 
   Yazını ana dilimizin əsl himayədarı olan ümummilli lider Heydər Əliyevin müdrik fikirləri ilə bitirirəm: “Biz dünyada öz dilimizlə yaşayırıq. Hər bir azərbaycanlı öz ana dilini bilməlidir, bu dildə səlis danışmalıdır və bu dili sevməlidir”.
   
   Əbülfəz Quliyev
   AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, 
   akademiyanın müxbir üzvü