İyunun 21-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) akademiyanın nəzdində olan Orta ixtisas musiqi məktəb-studiyasının yeni çap olunmuş nəşrlərinin təqdimatı keçirilib.
Nəşrlər məktəb-studiyanın rəhbəri, professor Tərlan Seyidov başda olmaqla yaradıcı kollektiv tərəfindən ərsəyə gətirilib.
Məktəb-studiyanın müəllimi Elmira Mustafayeva bildirib ki, İ.S.Baxın 2 cildlik “Yaxşı temperasiya edilmiş klavir”ində xüsusi qeydləri və terminləri tərcümə və redaktə olunub. Bundan başqa, Bakı Musiqi Akademiyasında İvetta Plyamm və Yevgeniya Perevertaylonun hələ Ü.Hacıbəylinin sağlığı dövründə onun razılığı ilə “Koroğlu” operasından uvertüranın 2 royal üçün işlədikləri əlyazması professor Tərlan Seyidov tərəfindən yenidən bərpa olunaraq çap edilib. Həmçinin keçən illərdə Qara Qarayev və Cahangir Qarayevin bir neçə əsəri bərpa edilərək çap olunub. Cahangir Qarayevin əlyazması əsasında “12 Kamerton” adlı məcmuəsi ilk dəfə işıq üzü görüb. Nəşrlər içində Tərlan Seyidovun “XX əsrin Azərbaycan fortepiano mədəniyyəti: pedaqogika, ifaçılıq və bəstəkarlıq yaradıcılığı” adlı monoqrafiyası da yer alıb.
Təqdimatı keçirilən nəşrlərin elmi redaktorları professorlar Fərhad Bədəlbəyli və Tərlan Seyidovdur.
Sonra məktəb-studiyanın müəllim və şagirdləri yeni nəşr olunan əsərlərdən seçmə musiqi nümunələrini dinləyicilərə təqdim ediblər.
Kitablardan bir neçə nüsxə məktəbin kollektivi tərəfindən Musiqi Mədəniyyəti Dövlət Muzeyinə hədiyyə olunub.