Şəkidə “İpək Yolu” VIII Beynəlxalq Musiqi Festivalı rəngarəng konsert proqramları ilə davam edir. İyunun 29-da Şəki Dövlət Regional Kollecində görkəmli Azərbaycan bəstəkarı, SSRİ Dövlət mükafatları laureatı, Xalq artisti, professor Cövdət Hacıyevin 100 illiyinə həsr edilmiş konsert olub.
Konsert proqramı Azərbaycan Televiziya və Radiosunun Cahangir Cahangirov adına Xorunun (bədii rəhbər və baş dirijor - Şəhla Ələkbərova) çıxışı ilə başlayıb.
Xorun ifasında Cövdət Hacıyevin, Üzeyir Hacıbəylinin, Müslüm Maqomayevin əsərləri və Azərbaycan xalq mahnıları səslənib.
Tədbirdə festivalın bədii rəhbəri, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə çıxış edərək, Cövdət Hacıyevin yaradıcılığı barədə danışıb.
Məlumat verilib ki, Azərbaycan Televiziya və Radiosunun Xoru 1936-cı ildə dahi bəstəkar Üzeyir Hacıbəyli tərəfindən yaradılıb. Kollektivin ilk bədii rəhbəri Cahangir Cahangirov olub. Xor fəaliyyət göstərdiyi illərdə Azərbaycanın bir çox tanınmış müğənniləri kollektivlə əməkdaşlıq edib. Qara Qarayev, Vasif Adıgözəlov, Ramiz Mustafayev, Emin Sabitoğlu, Şəfiqə Axundova, Hacı Xanməmmədov, Ramiz Mirişli, Fikrət Əmirov, Firəngiz Əlizadə, Oqtay Rəcəbov, Aqşin Əlizadə və digər bəstəkarların oratoriyaları, kantataları, vokal-simfonik poemaları və əsərləri xor kollektivi tərəfindən yüksək məharətlə ifa olunaraq gələcək nəsillərə ötürülüb.
Konsertdə beynəlxalq müsabiqələr laureatı Taleh Yəhyayev (bariton), Dilarə Kərimova (piano), həmçinin Şəki Dövlət Regional Kollecinin xoru və kamera ansamblı, tələbələri geniş konsert proqramı ilə çıxış ediblər.
Sonda Cövdət Hacıyevin oğlu musiqişünas İsmayıl Hacıyev tədbirin yüksək səviyyədə təşkilinə görə festivalın rəhbərliyinə minnətdarlığını bildirib.
Festivalın proqramına uyğun olaraq, iyunun 29-da axşam saatlarında İran İslam Respublikasından gəlmiş “Təbriz” rəqs qrupu konsert proqramı ilə çıxış edib.