İsveçrənin Bazel şəhərində “Azərbaycan mədəniyyəti inciləri” proqramı çərçivəsində “Azərbaycan muğamları gənc muğam ifaçılarının təqdimatında” adlı növbəti layihə həyata keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, layihə İsveçrədə fəaliyyət göstərən “Azərbaycanın Dostları” Birliyinin sədri Arzu Əliyevanın təşəbbüsü, Beynəlxalq Muğam Mərkəzinin və ölkəmizin İsveçrədəki səfirliyinin dəstəyi ilə reallaşıb.
Bazeldəki “Botanika” bağında təşkil olunan konsertdə gənc muğam ifaçıları Ehtiram Hüseynov, Günay İmamverdiyeva və onları müşayiət edən musiqiçilər Xəyyam Məmmədov, Rövşən Qurbanov qonaqlara unudulmaz anlar yaşadıb. İfaçılar bir saata yaxın davam edən musiqi proqramında muğam sənətinin bütün gözəlliyini isveçrəlilərə və əcnəbi qonaqlara çatdırmağa çalışıb.
Sonda tədbir iştirakçılarına və qonaqlara təşəkkür edən Arzu Əliyeva belə tədbirlərin fərqli mədəniyyətə, düşüncə tərzinə malik insanlar arasında körpü olduğunu vurğulayıb, gələcəkdə də bu cür görüşlərin keçiriləcəyinə böyük ümid bəslədiyini bildirib.