Azərbaycan
4 iyul 1928 - Tarix elmləri doktoru, professor, Əməkdar elm xadimi Kamran Nəbi oğlu Rəhimov (1928 - 4.7.2007) Naxçıvan MR Şərur rayonunun Qarabağlar kəndində anadan olub. Respublikanın maarif naziri (1983-1988), Ali Sovetin deputatı (1990-1995) olub.
4 iyul 1956 - Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev anadan olub. Naxçıvan Dövlət Musiqili Dram Teatrının rejissoru işləyib. 2008-ci ildən Azərbaycan Dövlət Musiqili Teatrının direktorudur.
5 iyul 1851 - Publisist, alim və ictimai xadim İsasultan Nəcəfqulu oğlu Şahtaxtinski (1851 - 18.10. 1894) İrəvanda anadan olub. "Tiflisski vestnik" qəzetində şöbə müdiri, "Kavkazski almanax"ın təsisçisi, naşiri və redaktoru olub.
5 iyul 2002 - Prezident Heydər Əliyevin fərmanı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılıb. Prezident İlham Əliyevin 19 noyabr 2008-ci il tarixli fərmanına əsasən qurum Diasporla İş üzrə Dövlət Komitəsi adlandırılıb.
6 iyul 1918 - Yazıçı-tərcüməçi Şəfiqə Ağayeva (1918-1983) Ağdamda anadan olub. Azərbaycan uşaq ədəbiyyatının inkişafına töhfələr verib. Rus yazıçılarının uşaq və yeniyetmələr üçün hekayə və povestlərini dilimizə tərcümə edib.
6 iyul 1944 - Xalq artisti, violonçel ifaçısı Rasi Mahmud oğlu Abdullayev anadan olub.
7 iyul 1939 - Yazıçı, tədqiqatçı-alim, professor Elmira Nəzər qızı Zamanova (1939-2010) Göyçay şəhərində anadan olub. Rus və Azərbaycan dillərində elmi-fantastik əsərlərin müəllifidir: “Yeraltı dünya", “Vaxtdır, qardaşım” və s.
Dünya
4 iyul 1676 - İspan dramaturqu Xose Kanisares (1676-1750) anadan olub.
4 iyul 1918 - Rus filosofu, kulturoloq, «Mədəniyyətlərin dialoqu» konsepsiyasının müəllifi Vladimir Bibler (1918-2000) anadan olub.
5 iyul 1812 - İspan yazıçı-dramaturqu Antonio Qarsia Qutteres (Antonio Garcia Gutierrez; 1812-1884) anadan olub. Dramaturqun “Trubadur” pyesi əsasında italyan bəstəkarı Cüzeppe Verdi eyniadlı opera yazıb.
5 iyul 1889 - Fransız yazıçısı, rəssam, teatr nəzəriyyəçisi Jan Kokto (Jean Maurice Eugene Clement Cocteau; 1889-1963) anadan olub. Dadaizm və sürrealizm üslubunda şeirlər yazıb. "Əllamə Toma", "Ədəbsiz uşaqlar" romanlarının, "Antiqona", "Orfey" pyeslərinin müəllifi, bir neçə filmin rejissorudur.
5 iyul 1901 - SSRİ Xalq artisti, rejissor, aktyor, rəssam, yazıçı Sergey Obrazsov (1901-1992) anadan olub. Uzun illər Moskvada Mərkəzi Kukla Teatrına rəhbərlik edib.
6 iyul 1859 - İsveç şairi və yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1916) Karl Qustav Verner fon Heydenstam (Carl Gustaf Verner von Heidenstam; 1859-1940) anadan olub. Əsərləri: “Endimion”, “XII Karlın döyüşçüləri” və s.
6 iyul 1887 - Yəhudi əsilli rus-fransız rəssamı Mark Zaxaroviç Şaqal (Xaskeleviç, 1887-1985) Vitebskdə (Belarus) anadan olub. 1923-cü ildə Fransaya mühacirət edib. Rəngkarlıq və qrafika əsərləri ilə bədii avanqardın ən tanınmış simalarından biridir.
6 iyul 1893 - Fransız yazıçısı Gi de Mopassan (Henry-Rene-Albert-Guy de Maupassant; 1850-1893) vəfat edib. Əsərləri: “Həyat”, “Əziz dost”, “Pyer və Jan”, “Arzu alovu” (roman), “Mademauzel Fifi”, “Boyunbağı”, ”Məhəbbət təcrübəsi” (novella) və s.
6 iyul 1943 - SSRİ Xalq artisti, Rusiyanın məşhur opera müğənnisi Tamara Sinyavskaya anadan olub. Dünya şöhrətli azərbaycanlı müğənni Müslüm Maqomayevin (1942-2008) həyat yoldaşı olub.
6 iyul 1946 - Amerika aktyoru, prodüser Silvestr Stallone (Sylvester Gardenzio Stallone) anadan olub. Filmləri: “Rembo”, “Rokki”, “Kobra”, “Dağıdıcı”, “Mütəxəssis”, “Qisas mələyi” və s.
7 iyul 1860 - Avstriya bəstəkarı Qustav Maler (Gustav Mahler, 1860-1911) anadan olub.
7 iyul 1882 - Belarus ədəbiyyatının banilərindən şair Yanka Kupala (əsl adı İvan Dmitriyeviç Luseviç; 1882-1942) anadan olub.
7 iyul 1884 - Yəhudi əsilli alman yazıçısı Lion Feyxtvanger (Lion Feuchtwanger, 1884-1958) anadan olub. «Qoyya», «İspan balladası», «Lautenzak qardaşları» və s. tarixi romanların müəllifidir.
7 iyul 1901 - İtalyan aktyoru, kinorejissor, 4 dəfə «Oskar» mükafatı laureatı Vittorio De Sika (Vittorio De Sica, 1901-1974) anadan olub. Filmləri: “Günəbaxanlar”, “Dünən, bu gün, sabah”, “İtalyansayağı nikah” və s.
7 iyul 1907 - Amerikalı fantast-yazıçı Robert Enson Haynlayn (Robert Anson Heinlein; 1907-1988) anadan olub. Artur Klark və Ayzek Azimovla birlikdə fantast-yazıçıların “böyük üçlüyü”nə daxildir.
7 iyul 1943 - İtalyan müğənnisi və bəstəkarı Toto Kutunyo (Salvatore (Toto) Cutugno) anadan olub.
Hazırladı: Vüqar Orxan