“Şur” televiziya filminin yubileyi qeyd olunub
   
   İyulun 4-də Beynəlxalq Muğam Mərkəzində “Şur” televiziya filminin 50 illik yubileyi qeyd olunub.
   Mərasimdə filmin rejissoru, Xalq artisti Arif Qazıyev, görkəmli xanəndə, Xalq artisti Əlibaba Məmmədov və filmin operator assistenti, Əməkdar incəsənət xadimi Fazil Hadıyev ekran əsərinin çəkilişləri ilə bağlı xatirələrini bölüşüblər.
   Qeyd olunub ki, 1967-ci ildə Azərbaycan televiziyasının istehsalı olan bu film tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. Bir il sonra isə film Tbilisidə “Prometey-68” kinofestivalında mövzunun orijinal həllinə görə xüsusi diploma layiq görülüb. 
   Operator Rasim Ocaqovun italyan neorealizminə uyğun olaraq çəkdiyi ağ-qara kadrlar filmin və musiqinin ahəngini tamamlayırdı. Ekran əsəri Azərbaycan televiziyasının “qızıl fondu”nda saxlanılan ən dəyərli nümunələrdəndir. Təsadüfi deyil ki, “Şur” dəsgahı bu gün ustad sənətkarlarla yanaşı, gənc xanəndələrin də repertuarını bəzəyir.
   Sonra “Şur” televiziya filmi nümayiş olunub. Yubiley mərasimi xanəndələrin ifaları ilə davam edib.