Pirallahı rayonunda turizmin inkişafı üçün geniş potensial mövcuddur
Bakının Pirallahı rayonunun coğrafi mövqeyi və iqlim şəraiti turizmin inkişafı üçün olduqca əlverişlidir. Rayon ərazisinin əsasən adalardan (Pirallahı, Çilov) ibarət olması buna daha çox zəmin yaradır.
Rayon İcra Hakimiyyətindən bildiriblər ki, yenidən qurulan Qala-Pirallahı yolu və Pirallahı körpüsü qəsəbə sakinlərinin, həmçinin turistlərin Bakının mərkəzinə, eləcə də Heydər Əliyev Beynəlxalq Aeroportuna, Şüvəlan, Mərdəkan, Buzovna, Bilgəh, Binə və digər qəsəbələrə rahat çıxışına imkan yaradır.
Pirallahı, Gürgən və Çilovda inşa ediləcək istirahət mərkəzləri, mehmanxanalar, Tarix-diyarşünaslıq muzeyi, Gənclər əyləncə mərkəzi ilə yanaşı, yeni tikilmiş körpünün altındakı 120 metrlik keçidin açılması ilə su idmanı növlərinin, o cümlədən yelkənli qayıqsürmənin, sörfinqin inkişafı, skuter gəzintilərinin təşkili üçün əlverişli imkanlar yaranıb.
Baş plana uyğun olaraq Pirallahı qəsəbəsində sahil xətti boyunca sakinlərin və turistlərin istirahətini təmin etmək məqsədilə bulvarın və çimərliyin salınması nəzərdə tutulub. Səməd Vurğun küçəsində yerləşən, sahəsi 50 hektar olacaq parkın dənizə baxan hissəsində artıq işlərə başlanılıb.
Gələcəkdə rayonda turizmin rekreativ (istirahət, müalicə və bərpa), tibbi, dəniz və balıq ovu, idman, kruiz, ekoturizm və digər növlərini inkişaf etdirmək mümkündür. Abşeron yarımadasının cənub-şərq qurtaracağında, rayonun Şah Dili adlanan hissəsində 783 hektarlıq sahədə Abşeron Milli Parkı yerləşir. Bura Bakıya ən yaxın təbiət qoruğu, ekoturizm üçün ən əlverişli nöqtə, yarımadada ən təmiz dəniz suyu və havası olan məkandır. Rayon ərazisində ikisi Pirallahı, biri Gürgən qəsəbəsində olmaqla 3 çimərlik təşkil edilib, ətraf sahələrdəki 6 hektar ərazi təmizlənib, istirahət üçün gözəl şərait yaradılıb. Həmçinin müasir standartlara cavab verən turizm obyekti istifadəyə verilib. “F-Marine” istirahət kompleksində kotteclər, mini-stadion, hovuz, restoran fəaliyyət göstərir.