Dilimiz varlığımızdır
“Hər bir xalqın özünəməxsusluğunu müəyyən edən başlıca ünsürlərdən biri onun dilidir. XX əsrdə xalqımızın bu sahədə əldə etdiyi uğurları yüksək təqdirə layiqdir. Biz fəxr edirik ki, müstəqil Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dili son bir əsrlik dövr ərzində böyük inkişaf yolu keçərək lüğət tərkibini zənginləşdirmiş, qrammatik quruluşunu cilalamış və dünya dilləri içərisində öz layiqli yerini tutmuşdur”.
Bu fikirlər Azərbaycan mədəniyyətinin və dilinin əsl himayədarı, ümummilli lider Heydər Əliyevə məxsusdur. Ulu öndər dilimizi, mədəniyyətimizi təkcə himayə etməklə qalmır, həm də qəlbən sevir, bu dildə danışmaqdan qürur duyurdu.
Qədim tarixə və zəngin lüğət tərkibinə malik olan Azərbaycan dili XIII əsrin əvvəllərindən etibarən ərəb və fars dilləri ilə mübarizədə qalib çıxaraq saraya, elm və ədəbiyyat aləminə yol açır və dövrün ədəbi dili olaraq işlənməyə başlayır. XVI əsrdə ilk dəfə doğma dilimiz dövlət dili səviyyəsinə qaldırılır. Lakin Şah İsmayıl Xətainin yeritdiyi dil siyasəti Azərbaycan Səfəvilər dövlətinin mövqelərinin zəifləməsi ilə öz mövqeyini itirməli olur. Sonrakı dövrlərdə dilimiz mütəmadi olaraq fars və rus dillərinin təzyiqi ilə üzləşdi.
Sovet hakimiyyəti dövründə təkcə Azərbaycan türkcəsi deyil, bütün türk dilləri rus dilinin təsirinə məruz qaldı. Bu dövrdə dövlət idarələrində, rəsmi yazışmalarda az hallarda istifadə edilən Azərbaycan dili təhsil sistemində də ikinci planda dururdu. Lakin ulu öndərimiz Heydər Əliyevin apardığı gərgin işin nəticəsi olaraq 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasının 73-cü maddəsi Azərbaycan dilini dövlət dili kimi təsbit etdi.
Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizdə ən çox diqqət yetirilən məsələlərdən biri də dövlət dilinin inkişafı idi. Çünki bu dil eyni zamanda dünya azərbaycanlılarının birliyinin göstəricisi kimi mühüm əhəmiyyətə malik idi. Qəbul olunan müvafiq qanunvericilik Azərbaycan dilinin inkişafına öz töhfəsini verdi. Bu kontekstdə ulu öndərimizin yeritdiyi uğurlu dil siyasəti xüsusi əhəmiyyət kəsb edirdi.
Dilimizin qorunmasında xüsusi yeri olan rəsmi sənədlərdən biri də Prezident İlham Əliyevin 9 aprel 2013-cü il tarixli sərəncamı ilə təsdiq olunan “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” oldu. Məlumdur ki, Azərbaycan multikultural bir ölkədir. Burada hər bir vətəndaş öz mədəniyyətini, dilini, ənənəsini, etnik və dini dəyərlərini inkişaf etdirmək sahəsində bərabər hüquqlara malikdir. Müxtəlif mədəniyyətlərin, dinlərin və dillərin birgə yaşadığı ölkəmizdə dövlət dilinin qorunması, inkişafı, onun lüğət tərkibinə zərərli yad təsirlərin qarşısının alınması işində adıçəkilən sərəncamın çox mühüm əhəmiyyəti vardır. Dövlət Proqramının əsas məqsədlərindən biri də məhz Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılmasını, Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsini təmin etməkdir.
Təbii ki, bu gün dünyada gedən proseslərdən, qloballaşma dövrünün təsirlərindən heç bir ölkə yan keçə bilmir. Lakin inkişaf etmiş cəmiyyət öz mədəni, milli və mənəvi dəyərlərini mümkün olan dərin deformasiyalardan qoruyaraq böyük dəyişiklər dövrünün çağırışına adekvat cavab verməlidir. Bu məsələdə dil faktının təsiri böyükdür. Çünki dil millətlər və xalqlar arasında dialoqun əsas vasitəsidir. Dildə ən çox yad təsir dilə kütləvi şəkildə daxil olan əcnəbi mənşəli terminlərdir. Məlumdur ki, indi texnikanın inkişafı ilə bağlı dünyada davamlı olaraq yeni məfhumlar meydana gəlir və onlar əcnəbi adlarla adlandırılır. Təbii ki, biz bu sözlərin heç də hamısını öz sözlərimizlə əvəz edə bilmərik. Lakin bu sahəyə dövlət nəzarəti belə sözlərin kütləvi şəkildə dilə axınının qarşısını alır. Azərbaycan dilində terminologiya sahəsində işlərin tənzimlənməsi və koordinasiya edilməsi məqsədilə Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının, ölkəmizdə müxtəlif sahələrdə tərcümə işinin mərkəzləşdirilmiş qaydada və məqsədyönlü aparılması üçün Tərcümə Mərkəzinin yaradılması bu sahədə həyata keçirilən təqdirəlayiq işlərdir.
Bu gün ölkəmizin müxtəlif bölgələrində ucaldılan “Ana dili” abidələri dilimizə olan hörmət və ehtiramın göstəricisidir. Reklam vasitələrinin hazırlanmasında bir çox hallarda xarici dillərə əsassız olaraq üstünlük verilməsi, əcnəbi dildə lövhələrin gənc nəslin azərbaycançılıq ruhunda tərbiyəsinə mənfi təsir göstərdiyi nəzərə alınaraq ölkədə iaşə obyektlərinə, mağazalara milli adların verilməsi, reklam lövhələrinin dilimizin qayda-qanunlarına uyğun yazılması işi də daim diqqət mərkəzində olmalıdır.
Azərbaycan dilinin qorunması və inkişafı naminə indiyə qədər həyata keçirilmiş dövlət siyasəti müstəqilliyimizin qorunmasında, möhkəmlənməsində mühüm rol oynamaqdadır. Çünki dil xalqın, dövlətin varlığının ifadəsidir. Hər bir xalqı onun dili yaşadır. Dili olmayan xalq məhvə məhkumdur. Dili qorumaq xalqı qorumaq deməkdir. Bu gün isə dilimizin inkişafının əsas qarantı dövlətimizdir. Azərbaycan dili yüzillər boyu xalqımızın varlığının təcəssümü olub. Hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz ana dilini, adət-ənənələrini yaşadıb təbliğ etməlidir.
Nuray Əliyeva
filologiya üzrə fəlsəfə doktoru, dosent