Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) bakalavr pilləsini bu il bitirən 297 məzundan 74-ü müxtəlif ölkələrin, eləcə də respublikamızın nüfuzlu universitetlərində müvafiq ixtisaslar üzrə magistratura pilləsində təhsil alacaq.
Onların bir qrupu AZƏRTAC-ın müxbiri ilə təəssüratlarını bölüşüb.
İtaliyanın La Sapienza Universitetində təhsilini davam etdirəcək ATMU-nun məzunu Orxan Səmədzadə: “ATMU-da təhsilimi başa vurandan sonra peşəmi daha da təkmilləşdirmək üçün qarşıma məqsəd qoydum və İtaliyanın La Saphienza Universitetinə qəbul olundum”.
Türkiyənin 19 Mayıs Universitetinin magistratura pilləsində təhsil alacaq Hikmət Cəfərzadə: “ATMU-da yiyələndiyim nəzəri və təcrübi bilikləri magistr kimi daha da inkişaf etdirəcəyimə inanıram. Bu səbəbdən turizm sahəsində sürətlə inkişaf edən Türkiyədə təhsil almağı məqsədəuyğun hesab etdim”.
Elnur Vahabzadə: “Dörd il ərzində ATMU mənə geniş imkanlar yaratdı. Tələbə olduğum müddətdə Şimali Kipr Türk Respublikasının Famagusta şəhərində hoteldə üç ay tanışlıq təcrübəsi keçdim və ixtisasımla bağlı ilk təcrübi biliklərə yiyələndim. Ötən il isə İsraildə istehsalat təcrübəsi keçən ATMU-nun 30 tələbəsindən biri oldum. Mən magistr təhsilimi dünyanın ilk əsası qoyulmuş təhsil ocaqlarından olan La Bologna Universitetində alacağam”.
Magistratura pilləsində təhsilini İtaliyanın La Sapienza Universitetində davam etdirəcək ATMU-nun digər məzunu Fərid Dibirov isə fikirlərini bu cür ifadə edib: “Universitetin ingilis dili qrupunda təhsil aldığıma görə dörd il ərzində bu dili yüksək səviyyədə mənimsədim. Bununla yanaşı, alman və ispan dillərini də öyrəndim. Həmçinin Almaniyanın Yade Universitetində bir semestr mübadilə proqramında iştirak etdim. Universitetdə mənim üçün yaradılan şəraitə görə müəllimlərimə dərin minnətdarlığımı bildirirəm və fəxr edirəm ki, məhz ATMU-nun məzunuyam”.
Azərbaycan-Avstriya Turizm Proqramı (AATP) çərçivəsində ikili diploma sahiblənən ATMU-nun məzunu Eldar Məmmədbəyov: “ATMU-nun Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universiteti ilə həyata keçirdiyi ikili diplom proqramı çərçivəsində təhsil almağım isə beynəlxalq bilik və yerli təcrübəni bir məkanda mənimsəməmə şərait yaratdı. Universitetdə təcrübə üçün müxtəlif ölkə və şirkətlərlə qurulan əlaqələr tələbələri real biznes həyatına hazırlayır. Magistr təhsilimi qardaş ölkə Türkiyədə davam etdirəcəyəm”.
Fuad Mahmudov isə magistr təhsilini doğma universitetdə alacaq: “ATMU ölkəmizdə turizm sahəsi üzrə peşəkar təhsil verən ali məktəbdir. Burada tələbələrə müxtəlif təcrübə, mübadilə proqramlarında iştirak etmək imkanı yaradılır. Bu imkanlar da tələbələrin hərtərəfli inkişafına, onların dünyagörüşünün artmasına gətirib çıxarır”.