Xəzər sahilində “JARA 2017” festivalı 500-dən çox iştirakçını bir araya gətirəcək
27-30 iyul tarixində Bakıda, Xəzər sahilindəki “Sea Breeze” istirahət mərkəzində ikinci “JARA 2017” beynəlxalq musiqi festivalı keçiriləcək. Tanınmış müğənni Emin Ağalarov, məşhur rusiyalı media meneceri və prodüser Sergey Kojevnikov və Rusiyanın Əməkdar artisti, müğənni Qriqori Lepsin müştərək layihəsi olan “JARA” festivalı ikinci dəfə estrada musiqisi həvəskarlarını Xəzər sahilində toplayacaq.
2016-cı ilin 9-10 iyulunda eyni məkanda gerçəkləşən ilk festivala Azərbaycan, Rusiya, Ukrayna və Qazaxıstanın tanınmış müğənniləri qatılmışdı. Bu dəfə Bakıya xarici şou-biznesin tanınmış nümayəndələri, musiqiçilər, rəqqaslar və onları müşayiət edənlərlə birlikdə 500-dən çox qonaq dəvət olunub.
Dörd gün davam edəcək festivalın fəxri qonaqları arasında Alla Puqaçova, Layma Vaykule kimi məşhur simalar da olacaq. Festival çərçivəsində Alla Puqaçovanın şərəfinə yaradıcılıq gecəsi təşkil ediləcək. Müğənnin özünün səhnəyə çıxması hələ dəqiqləşməsə də, gənc artistlər, duetlər səhnədə yer alacaq.
Festivalın sonuncu günündə Qriqori Lepsin yubiley gecəsi planlaşdırılıb. Bu il məşhur musiqiçinin 55 yaşı tamam olur.