Tarixdə elə faciəvi hadisələr var ki, bəşəriyyətə nümunə göstərilməyə layiq olmasa da, olayların mərkəzində dayanan şəxsiyyətlərin əqidə möhkəmliyi, dünyəvi təfəkkürə sahibliyi bu olayların yaşadılması və tanıdılmasını zəruri edir. Belə hadisələr sənətin dili ilə ifadə olunanda onun təsir qüvvəsi birə-beş artır. 
   Bu mənada 600 ildir yaddaşlardan silinməyən, mütəfəkkir şair İmadəddin Nəsiminin (1369-1417) başına gətirilən müsibət dediklərimizə acı bir örnəkdir. Azərbaycan, eləcə də Orta əsrlər Şərq ədəbiyyatının görkəmli nümayəndəsinin amansızcasına edam olunması nə qədər faciəvi olsa da, bəşəri amallar uğrunda canından keçməkdən çəkinməyən şairin dəyanəti yüksək təqdirə layiqdir. 
   Orta əsrlərdə açıqfikirli adamları əsassız dini ittihamlarla məhv etmək geniş yayılmışdı. Avropada inkvizisiya daha amansız idi. XIII əsrin əvvəllərində düşmənləri ilə mübarizə aparan katolik kilsəsi insanlara qarşı amansız tədbirlərə əl atırdı. Din xadimlərinə, dövlətin siyasətinə qarşı çıxanları ölüm gözləyirdi. Dünyanın və yaşadığı cəmiyyətin fəlsəfəsini bədii sözün qüdrəti ilə açıqlayan Nəsiminin ömrü də işgəncəli edamla bitdi. Dinsizlikdə ittiham edilərək dərisi soyulan söz ustadının yaradıcılığında Allahın qüdrətinə, islam dininə və onun peyğəmbərinin müdrikliyinə həsr edilən bədii nümunələr geniş yer alıb.
   Nəsiminin faciəli taleyi zaman-zaman müxtəlif sənət adamlarının diqqətini cəlb edib, diqqətəlayiq əsərlərin yaranmasına vəsilə olub. Musiqi elə bir qüvvədir ki, insanın iztirablarını belə unutdura bilir, bəzən də ağrı-acını əsrlərlə yaşatmağa qüdrəti çatır. 
   Görkəmli bəstəkar, Xalq artisti, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadənin “Nasimi Passion” əsəri də mənəvi azadlığa, bəşəri dəyərlərə, insani sevgiyə, azadlıq və əmin-amanlığa çağırış baxımından maraqlı örnəkdir. Bu ilin aprelində Amsterdamda (Niderland Krallığı) bir daha bütün dünya altı əsr tarixi olan Nəsimi harayına diqqət kəsildi. Dünyaya çatdırılan bu haray, bu çağırış isə Azərbaycandan gəlirdi. İnsanın fövqəlbəşər varlıq olmasını tərənnüm edən Nəsiminin bəşəri arzuları azərbaycanlı bəstəkarın naxış-naxış toxuduğu notlarla uzaq Avropaya səs salırdı.
   Bu yerdə qeyd edək ki, Avropanın nüfuzlu mədəniyyət təşkilatlarından olan “Amsterdam Royal Concert-Gebouw” tərəfindən son illərdə müxtəlif dinlərlə (pravoslav, katolik, yəhudilik, buddizm) bağlı “İlahilər” layihəsi həyata keçirilir. Layihə çərçivəsində müxtəlif dinlərə məxsus görkəmli bəstəkarlara əsərlər sifariş olunur və səsləndirilir. 2015-ci ildə islam dininə həsr olunan ilahilərin bəstələnməsi gündəmə gəlib. Belə bir əsərin yaradılması Azərbaycan peşəkar bəstəkarlıq məktəbinin tanınmış nümayəndəsi Firəngiz Əlizadəyə həvalə edilib və “Nasimi Passion” vokal-simfonik əsəri ərsəyə gəlib. Əsər Nəsimi həqiqətlərinin musiqi dili ilə təsviridir və şairin Yaxın Şərq ədəbiyyatına gətirdiyi mütərəqqi ideyalar və fəlsəfi düşüncələrin təzahürüdür.
   Bəstəkarın özünün də dediyi kimi, əsərdə ümumi kontekstdə həm müasirlik, həm də Şərqin fərqli bir təfəkkür tərzi olan orta əsr sufi fəlsəfəsi yanaşı işlənib. Burada Qərbin illər boyu maraqlandığı, amma açarını tapa bilmədiyi məsələyə toxunulub. Əsərdə Şərq təfəkkürünün və onun fəlsəfi ideyalarının özəyini təşkil edən tendensiyaların müasir üsullarla sintezi təqdim olunub. Əsər qeyri-ənənəvi tərkibə malik ansambl üçün nəzərdə tutulsa da, onun ifasında əsasən sufi məclislərində istifadə olunan musiqi alətlərinə müraciət olunub. Əsas prinsipi hər ölkəyə xas tembr səslənməsinin saxlanılmasından ibarət olan layihədə bir tərəfdən ney, tütək, kanon, qoşanağara və milli “səs”, digər tərəfdən isə violonçel, skripka və alt kimi klassik alətlər öz tembr rəngarəngliyi ilə dinləyicini valeh edir. Bəstəkar əsər vasitəsilə Avropa dinləyicisini tanış olmayan və hər zaman maraq mərkəzində olan sirli bir mühitə qonaq edib, onların təsəvvüründə canlı obraz yaradıb. Çünki öz ideyaları uğrunda dönmədən mübarizə aparması və həqiqət yolunda canını qurban verməsi xalqın düşüncəsində Nəsiminin müdrik qəhrəman obrazını formalaşdırıb.
   Bəstəkarın Şərq və Qərbin konsepsiyası əsasında sintezi böyük maraq doğurub. Milli musiqi alətləri ilə yanaşı, violonçel, eyni zamanda səsin qarşılıqlı müştərək istifadəsi bilavasitə müəllifin aparıcı ideya kimi götürdüyü Nəsimi obrazının açılmasına xidmət edir. Əsərdə mistik ruhani fəlsəfə ilə müasir bəstəkar texnikası və modern düşüncə dərin vəhdət yaradıb.
   Bəs “Nasimi Passion” vokal-simfonik əsəri biz dinləyiciləri nələrdən agah edir? Əsər tarixin o tayından, ölməz Nəsiminin sirli dünyasından, onun dərvişanə ruhundan süzülüb gələn ritmləri müasir musiqinin dili ilə yüksək sənətkarlıqla çatdırır. Qalxıb enən harmoniyalar altı əsrdir çağlayan Nəsimi dühasının təzahürüdür. O bizi düşündürür, göylərə qaldırır. Bu fani dünyada insan ruhunun yerlə göy arasında heç zaman rahatlıq tapmadığını sübut edir. Süzülən notlar “Məndə sığar iki cahan...” deyən Nəsiminin eşqinə simfonik ruhda rəqs töhfəsi verir. Bu duyğularla dinləyici müasir dünyada baş verən siyasi proseslərə baxışını əsər vasitəsilə bir daha analiz edir. Dinləyici şairin Allaha və onun misilsiz qüdrətinə olan səmimi inamını hiss edir. Onun təfəkkürünü aydınlaşdıran bu inam əsərdə muğam parçalarından istifadə ilə daha təsirli diktə edilir.
   Məlumdur ki, Fəzlullah Nəimi, İmadəddin Nəsimi və onların tərəfdarları hürufilik təliminin meyarlarına uyğun olaraq dini ehkamlara kor-koranə itaətin, dini dərindən öyrənmədən onun tələblərinə əməl etməyin, həmçinin dinləri qarşı-qarşıya qoymağın əleyhinə idilər. Təəssüf ki, bu gün də dünyada eyni çağırışlar öz aktuallığını qoruyub saxlamaqdadır. Elmin, texnikanın inkişaf etdiyi çağımızda həmrəyliyin, birliyin, etibar və sədaqətin xiffətini çəkirik. Nəsimi dini ehkamların, çağırışların elmi dərkinin zəruriliyini irəli sürürdü. Kamillik üçün sevgi ilə idrakın vəhdətini mütləq hesab edirdi. 
   İlahi sevgi Nəsimi üçün hər şeydir və bu sevgi onun ölüm fitvasına “əsas” olur. Bu kontekstdə “Nasimi Passion” əsərini “müsibəti-Nəsimi” də adlandırmaq olar. Necə acı təsadüfdür ki, 1417-ci ildə Nəsiminin edam olunduğu, hazırda UNESCO-nun Dünya irsi siyahısına daxil edilmiş Hələb şəhəri 600 il sonra terrorçu və ekstremist qüvvələr tərəfindən xarabazara çevrilib, şairin sərdabəsi dağıntılara məruz qalıb. Sanki dahi şair ikinci dəfə edam cəzasına məruz qalıb. Ancaq Nəsimi elə bəşəri, humanist ideyalar miras qoyub ki, onun əbədi yaşama haqqına heç nə kölgə sala bilməz. Xalq şairi Rəsul Rzanın bir fikrini xatırlatmaq yerinə düşər: “Nəsimi elə bir zirvə, elə bir möhtəşəm abidədir ki, onun uzunömürlü yaşadılmasında əməyi olan hər kəsin zəhməti hörmət və təqdirəlayiq hal kimi dəyərləndirilməlidir”. 
   Görkəmli bəstəkar Firəngiz Əlizadənin bu əsəri bir daha sübut etdi ki, edama məhkum olunan Nəsiminin mənəvi ömrü daimidir. Hər notu ilə sanki tarix danışan “Nasimi Passion” həm də dünyamızın bu günündən və sabahından narahatlığın musiqi dili ilə əks-sədasıdır.
   
   Lalə Azəri