“Mədəniyyət” telekanalı ilə Azərbaycan Yazıçılar Birliyinin birgə layihəsi olan yeni ədəbi müsabiqəyə start verilir.
Telekanalın direktoru Ramil Qasımovun sözlərinə görə, “Ədəbi üfüqlər” layihəsinin əsas məqsədi ölkəmizin müasir iqtisadi-mədəni inkişafının poetik müstəvidə işıqlandırılmasını təmin etmək, eyni zamanda yüksək səviyyəli poeziya nümunələrini geniş tamaşaçı kütlələri arasında təbliğ etməkdir.
Müsabiqəyə “Vətənpərvərlik”, “Azərbaycan bayrağı”, “Doğma Bakı” və “Milli həmrəylik” mövzularında poeziya nümunələri qəbul olunur.
Müsabiqənin sonunda hər mövzu üzrə 3 şeir nümunəsi ekspertlər tərəfindən qalib elan ediləcək. Bu şeirlərə musiqi yazılacaq və “Mədəniyyət” kanalı vasitəsilə yayımlanacaq. Bu isə istər poeziya həvəskarlarına, istərsə də musiqisevərlərə telekanalın bir töhfəsi olacaq. Qalibləri əlavə pul mükafatı da gözləyir.
Əsərlər elektron formada 3 nüsxə olaraq “Mədəniyyət” kanalına, medeniyyet@aztv.az elektron ünvanına və ya Azərbaycan Yazıçılar Birliyinə təqdim olunmalıdır. Müsabiqəyə əsərlərin qəbulu sentyabrın 10-dək davam edəcək.