Azərbaycan
   
   30 iyul 1918 - Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə rus işğalından (1805) sonra Gəncə şəhərinə verilmiş Yelizavetpol adı ləğv olunub, şəhərin tarixi adı bərpa edilib. 1930-cu illərdə Gəncənin adı yenidən dəyişdirildi (Kirovabad), 1989-cu ildə tarixi adı təkrar özünə qaytarıldı.
   30 iyul 1942 - Tərcüməçi, ədəbiyyatşünas Fərhad Qəmbər oğlu Əliyev (1942-1996) anadan olub.
   30 iyul 1956 - Bəstəkar, Əməkdar müəllim, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Adilə Niyazi qızı Yusifova anadan olub.
    
   31 iyul 1954 - Əməkdar incəsənət xadimi, aktyor və rejissor Cahangir Mütəllib oğlu Novruzov Bakıda anadan olub. Şəki Dram, Musiqili Komediya, Gənc Tamaşaçılar teatrlarında rejissor işləyib. 1995-ci ildən Türkiyədə yaşayır, Çukurova Universitetində (Adana) çalışır. “Qorxma, mən səninləyəm”, “Bəxt üzüyü” və s. filmlərdə, teletamaşalarda yaddaqalan obrazlar yaradıb.
   
   1 avqust Azərbaycan əlifbası və Azərbaycan dili günüdür. 2001-ci il avqustun 1-dən ölkə ərazisində bütün idarə-müəssisələr, təşkilatlar, Azərbaycan dilində bütün nəşrlər latın qrafikalı əlifbaya keçib. Bu tarixi proses Prezident Heydər Əliyevin 18 iyun 2001-ci il tarixli fərmanına əsasən gerçəkləşib. Azərbaycanda latın qrafikasına keçid barədə qərar 1991-ci ilin dekabrında qəbul edilsə də, icrası ləng gedirdi və 2001-ci ildə, nəhayət, başa çatdı. Prezident Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli fərmanı ilə 1 avqust Azərbaycan əlifbası və Azərbaycan dili günü elan edildi.
   1 avqust 1894 - Görkəmli yazıçı-dramaturq, maarifçi, dövlət xadimi Nəriman Nərimanovun təşəbbüsü ilə Bakıda ilk ictimai kitabxana - qiraətxana açılıb. 
   1 avqust 1896 - Əməkdar incəsənət xadimi, teatr rəssamı və qrafika ustası Həsənağa Hacağa oğlu Mustafayev (1896 - 22.4.1977) anadan olub. 
   1 avqust 1908 - Ədəbiyyatşünas, professor Hidayət Əfəndiyev (1908-1979) anadan olub.
   1 avqust 1929 - Əməkdar elm xadimi, ədəbiyyatşünas, professor Bağır İbrahimxəlil oğlu Bağırov (Bağır Ulduz) (1929 - 15.1.2010) anadan olub.
   1 avqust 1933 - Azərbaycanın və Özbəkistanın Xalq artisti, rejissor Firudin Səttar oğlu Səfərov Bakıda doğulub. 1968-ci ildən Azərbaycan Akademik Opera və Balet Teatrında, 1977-ci ildən Ə.Nəvai adına Daşkənd Akademik Böyük Opera və Balet Teatrında quruluşçu və baş rejissor işləyib. Daşkənd Dövlət Konservatoriyasının professorudur. 
   1 avqust 1935 - Ədəbiyyatşünas alim, professor Xeyrulla Qulam oğlu Məmmədov (1935 - 8.9.2005) Lerik rayonu Hoveri kəndində anadan olub. XIX-XX əsrlər Azərbaycan ədəbiyyatına dair dərslik və monoqrafiyaların müəllifidir.
   1 avqust 1948 - Əməkdar incəsənət xadimi Ələkbər Yunus oğlu Muradov (1948 - 1.8.2013) Bakıda doğulub. Filmləri: “Qaladan tapılan mücrü”, “O dünyadan salam”, “Mənim ağ şəhərim” (operator), “Güllələnmə təxirə salınır” (rejissor) və s.
   1 avqust 1960 - Kinoşünas, rejissor, Əməkdar incəsənət xadimi Ayaz Salayev anadan olub. “Yarasa” filmi bir sıra festival və müsabiqələrdə mükafat qazanıb. 
   1 avqust 1961 - Tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi Qəmbər Muxtar oğlu Hüseynli (16.4.1916 - 1961) vəfat edib. Məşhur "Cücələrim" mahnısının (sözləri - Tofiq Mütəllibov), "Ay işığında", "İlk məhəbbət", "Düşür yadıma" və s. populyar mahnıların müəllifidir.
   
   2 avqust 1898 - Azərbaycan kinosunun yarandığı gündür. Həmin gün Bakıda fotoqraf və kinooperator Aleksandr Mişon çəkdiyi bir neçə kinosüjeti (“Bibiheybətdə neft fontanı yanğını”, “Qafqaz rəqsi” və s.) nümayiş etdirib. Prezident Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli sərəncamı ilə 2 avqust Azərbaycan kinosu günü elan olunub.
   2 avqust 1955 - Xalq artisti, tanınmış aktyor Fəxrəddin Manaf oğlu Manafov Xankəndi şəhərində anadan olub. Çəkildiyi filmlər: “İşarəni dənizdən gözləyin”, “Özgə ömür”, “Ölsəm... bağışla”, “Gecə qatarında qətl”, “Təhminə”, “Otel otağı”, “Hökmdarın taleyi”, “Mahmud və Məryəm”, “Sübhün səfiri” və s. 
   2 avqust 1980 - Görkəmli teatr rejissoru, Xalq artisti Tofiq Səməd Mənsur oğlu Kazımov (14.1.1923 - 1980) dünyasını dəyişib. 1952-ci ildən Dövlət Akademik Milli Dram Teatrında rejissor, 1964-cü ildən baş rejissor işləyib. U.Şekspirin «Antoni və Kleopatra» (1965), Anarın «Şəhərin yay günləri» (1979) əsərlərinin tamaşalarına görə Dövlət mükafatına layiq görülüb. 
   2 avqust 1969 - Milli səhnəmizin ilk azərbaycanlı qadın müğənnilərindən biri, Xalq artisti Həqiqət Rzayeva (20.5.1907 - 1969) vəfat edib. Opera və Balet Teatrının solisti olub, muğam və xalq mahnılarımızın mahir ifaçısı kimi tanınıb. 
   2 avqust 1984 - Görkəmli dirijor və bəstəkar, SSRİ Xalq artisti Niyazi (Niyazi Zülfüqar oğlu Hacıbəyov-Tağızadə, 20.8.1912 - 1984) vəfat edib. "Xosrov və Şirin" operası, "Çitra" baleti, "Zaqatala süitası", "Qaytağı", "Konsert valsı" simfonik əsərlərinin, "Rast" simfonik muğamının müəllifidir.
   2 avqust 2009 - Xalq artisti Elxan Ağahüseyn oğlu Ağahüseynov (8.12.1942 -2009) vəfat edib. Milli Dram Teatrında çalışıb, televiziya tamaşalarında maraqlı obrazlar yaradıb. «Ömrün səhifələri», «Dantenin yubileyi», «Qəm pəncərəsi» filmlərinə çəkilib.
   
   Dünya
    
   29 iyul 1805 - Fransız yazıçısı və tarixçisi Aleksis de Tokvil (Charles Alexis Henri Maurice Clerel de Tocqueville; 1805-1859) anadan olub. Əsərləri: “Amerikada demokratiya”, “Köhnə qayda-qanun və inqilab”. 
   29 iyul 1900 - İsveç yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1974) laureatı Eyvind Gunson (Eyvind Olov Verner Johnson; 1900-1976) anadan olub. 
   29 iyul 1921 - Fransız rejissoru, dünya sənədli kinosunun tanınmış nümayəndəsi Kris Marker (Christian Bouche-Villeneuve; 1921-2012) anadan olub. Filmləri: “Uçuş zolağı”, “Günəşsiz”, “Dərinlikdə hava qırmızıdır” və s.
   29 iyul 1954 - Rusiyanın Xalq artisti, bəstəkar İqor Krutoy anadan olub. 300-dən çox mahnının müəllifidir. 
   
   30 iyul 1511 - İtalyan memarı, rəssam və yazıçı Corco Vazari (Giorgio Vasari; 1511-1574) anadan olub.
   30 iyul 1818 - İngilis yazıçısı Emili Bronte (Emily Jane Bronte; 1818-1848) anadan olub. Yazıçı Şarlotta Brontenin bacısıdır. Əsərləri: “Tufan aşırımı”, “Mənim qəlbim qorxaq deyil”.
   30 iyul 1947 - Avstriya əsilli Amerika kinoaktyoru Arnold Şvarsenegger (Arnold Alois Schwarzenegger) anadan olub. Filmləri: “Terminator”, “Kommando”, “Yırtıcı”, “Qırmızı hərarət”, “Gerçək yalan” və s. ABŞ-ın Kaliforniya ştatının qubernatoru (2003-2009) olub. 
   30 iyul 1948 - İspan əsilli fransız aktyoru Jan Reno (Jean Reno - Juan Juan Moreno y Herrera Jimenez) anadan olub. Filmləri: “Leon”, “Nikita”, “Qodzilla”, “Yaquar”.
   30 iyul 1950 - İtalyan rejissoru Qabriele Salvatores (Gabriele Salvatores) anadan olub. Filmləri: “Aralıq dənizi” (“Oskar”, 1992), “Nirvana” və s.
   30 iyul 1974 - Amerika aktrisası Hilari Snouk (Hilary Ann Swank) anadan olub. “Oğlanlar ağlamır” və “Bir milyonluq meymun” filmlərində rollarına görə “Oskar”a layiq görülüb.
    
   31 iyul 1886 - Görkəmli macar bəstəkarı Ferens List (Liszt Ferenc; 1811-1886) vəfat edib. Məşhur əsərləri: “Faust” simfoniyası, “Macar” rapsodiyası.
   31 iyul 1914 - Fransız (ispan əsilli) aktyoru, rejissor Lui de Fünes (Louis Germain David de Funes de Galarza; 1914-1983) anadan olub. “Fantomas”, “Böyük gəzinti”, “San-Tropeli jandarm”, “Jandarm və yadplanetlilər” və s. komediya filmləri ilə məşhurlaşıb.
   31 iyul 1866 - Türk yazıçısı Xalid Ziya Uşaqlıgil (1866 - 27.3.1945) anadan olub. “Aşk-ı-memnu”, “Bir ölünün dəftəri”, “Qırıq həyatlar” və s. romanların müəllifidir.
   
   1 avqust 1819 - Amerika yazıçısı Herman Melvill (Herman Melville; 1819-1891) anadan olub. Əsərləri: “Mobi Dik” romanı, “Con Marr və digər dənizçilər” hekayələr toplusu və s.
   1 avqust 1923 - SSRİ Xalq artisti, məşhur televiziya aparıcısı və diktoru Valentina Leontyeva (1923-2007) anadan olub.
   1 avqust 1942 - İtalyan aktyoru Cankarlo Cannini (Giancarlo Giannini) anadan olub. Filmləri: “Həyat gözəldir”, “Lili Marlen” və s. 
   1 avqust 1948 - Tanınmış Latviya aktyoru İvar Kalnınış (Ivars Edmunds Kalnins) anadan olub. Filmləri: “Qreta” villasının sirri”, “Qış albalısı”, “Dronqo” teleserialı və s. 
   1 avqust 1965 - Amerika rejissoru Sem Mendes (Samuel Alexander Mendes) anadan olub. “Amerikansayağı gözəllik” filminə görə “Oskar”a layiq görülüb.
   
   2 avqust 1834 - Fransız memarı Frederik Ogüst Bartoldi (Frederic Auguste Bartholdi, 1834-1904) anadan olub. ABŞ-ın Nyu-York şəhərindəki «Azadlıq» heykəlinin müəllifidir.
   2 avqust 1892 - Amerikanın «Warner Brothers» kinokorporasiyasının qurucularından olan Cek Leonard Uorner (Jack Leonard Warner; 1892-1978) anadan olub.
   2 avqust 1932 - İrland əsilli ingilis aktyoru Piter O’Tul (Peter Seamus O’Toole; 1932-2013) anadan olub. Filmləri: “Milyonu necə oğurlamalı?”, “Kaliqula”, “Ərəbistanlı Lourens” və s.
   2 avqust 1939 - Amerika rejissoru, prodüser və ssenarist Ues Kreyven (Wesley Earl Craven; 1939-2015) anadan olub. “Qorxu filmləri”nin müəllifidir: “Soldan sonuncu ev”, “Təpələrin də gözü var” və s.
   
   Hazırladı: Vüqar Orxan