Son dövrlər qeyr-neft sektorunun inkişafı çərçivəsində turizmə yönəlmiş məqsədyönlü tədbirlər nəticəsində bu sahənin intensiv inkişafı üçün geniş imkanlar yaranıb. Həyata keçirilən tədbirlər nəticəsində ölkədə turizmin müxtəlif növləri inkişaf edib, həmçinin Azərbaycana gələn əcnəbilərin sayında və uyğun olaraq onların nağdsız ödənişlərinin həcmində artım müşahidə olunur.
Mərkəzi Bankın məlumatına əsasən, 2017-ci ilin ilk altı ayı ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları üzrə əməliyyatları ötən ilin müvafiq dövrü ilə müqayisədə 93% artaraq 507 450 635 manat təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2016-cı ilin birinci yarısında Azərbaycana gələn xarici vətəndaşların bank kartları üzrə əməliyyatları 263 427 544 manat, il ərzində isə 602 288 119 manat olub.
Yuxarıda qeyd olunan məbləği əcnəbilərin Azərbaycanda bank kartları vasitəsilə etdiyi ödənişlər təşkil edir, onların səfərdən qabaq və ölkə daxilində nağd ödənişləri bu məbləğə daxil deyil.
Məlumat üçün onu da bildirək ki, Dünya Səyahət və Turizm Şurasının (WTTC) məlumatına əsasən, Azərbaycan üzrə 2016-cı ildə turizm xidmətlərinin ixracının ümumi dövriyyəsi 2,8 milyard dollar olub.