Azərbaycan
4 avqust 1909 - Şair Oruc Hüseyn oğlu Qoşqarlı (1909-1989) anadan olub.
4 avqust 1915 - Görkəmli aktyor, Xalq artisti Məmmədrza Şeyxzamanov (1915 - 25.1.1984) Gəncədə doğulub. Filmlərdə yaddaqalan obrazlar yaradıb: “Bəxtiyar” (Rəcəbov), “Bir qalanın sirri” (həkim Eldostu), “Nəsimi” (şeyx Əzəm), “Əhməd haradadır?” (Şirin), “Tütək səsi” (İsfəndiyar) və s.
4 avqust 1939 - Əməkdar artist Ofeliya Kamal qızı Məmmədzadə (1939 - 11.7.2007) Bakıda anadan olub. Musiqili Komediya Teatrında çalışıb. “İyirmialtılar”, “Bir cənub şəhərində”, “Yenilməz batalyon” filmlərində, teletamaşalarda maraqlı rollar oynayıb.
4 avqust 1943 - Xalq artisti, Dövlət mükafatı laureatı Ramiz Ağarza oğlu Məlik Bakıda anadan olub. 1967-ci ildən Akademik Milli Dram Teatrında çalışır. “O qızı tapın”, “Qanun naminə”, “Qatır Məmməd” və s. filmlərdə çəkilib, filmlərin dublyajı və səsləndirilməsində iştirak edir.
4 avqust 1944 - Sənətşünaslıq doktoru, xalçaçı-rəssam, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru Kübra Muxtar qızı Əliyeva doğulub.
4 avqust 1946 - Xalq artisti Rafiq Eyyub oğlu Hüseynov Şuşada anadan olub. 30 ilə yaxın Azərbaycan Televiziyasının əsas diktorlarından biri olub.
4 avqust 2008 - Prezident İlham Əliyevin sərəncamı ilə "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı" təsdiq edilib.
5 avqust 1895 - Opera müğənnisi, Xalq artisti Məmmədtağı Abbas oğlu Bağırov (1895 - 16.4.1961) anadan olub.
5 avqust 1950 - Yazıçı-publisist Rafiq Nəzir oğlu Tağı (1950-2011) Masallı rayonunun Xaççobanlı kəndində doğulub.
5 avqust 1958 - Folklorşünas, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı Məhərrəm Paşa oğlu Qasımlı Tovuz rayonunun Alakol kəndində anadan olub. Aşıq sənətinə dair araşdırmaların, şeirlərin müəllifidir. Azərbaycan Aşıqlar Birliyinin sədridir (2016-cı ildən).
5 avqust 1958 - Əməkdar rəssam Sakit Məmmədov Neftçala şəhərində anadan olub. Əsərləri xaricdə məşhur adamların şəxsi kolleksiyalarında, Vatikan muzeyində saxlanılır. Milli rəssamlıq sənətində opalizm üslubunun yaradıcısıdır.
6 avqust 1939 - İlk azərbaycanlı kinorejissorlardan olan Səməd Mərdanov (22.9. 1909 - 1939) vəfat edib. 1939-cu ildə çəkdiyi "Kəndlilər" bədii filmi Azərbaycan kinosunun “qızıl fondu”na daxildir. Görkəmli aktyor Mustafa Mərdanovun qardaşıdır.
6 avqust 1998 - Prezident Heydər Əliyev "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" fərman imzalayıb. Fərmana əsasən, Azərbaycanda mətbuat üzərində senzuraya son qoyulub, Nazirlər Kabineti yanında Mətbuatda və digər kütləvi informasiya vasitələrində dövlət sirlərini mühafizə edən Baş idarə ("Qlavlit") ləğv edilib.
7 avqust 1930 - Milli təsviri sənətimizin görkəmli nümayəndəsi, Azərbaycanın və SSRİ-nin Xalq rəssamı, dövlət mükafatları laureatı Toğrul Fərman oğlu Nərimanbəyov (1930 - 2.6.2013) Bakıda anadan olub. Natürmort, portret, mənzərə və s. janrlarda əsərlərin, monumental freskaların (Bakıda Dövlət Kukla Teatrının binası) müəllifidir. Teatr və balet tamaşalarına bədii tərtibat verib, “Dədə Qorqud” filminə rəsmlər çəkib. Vokal ifaçılığı ilə də tanınıb. Parisdə vəfat edib, Passi qəbiristanlığında dəfn olunub.
7 avqust 1931 - Xalq artisti Rəfiqə Hacı qızı Axundova anadan olub. Opera və Balet Teatrının solisti, baş baletmeysteri olub. Əsas partiyaları: Gözəllər gözəli ("Yeddi gözəl", Q.Qarayev), Şirin ("Məhəbbət əfsanəsi", A.Məlikov), Jizel ("Jizel", A.Adan) və s.
Dünya
3 avqust 1832 - Xorvat bəstəkarı və dirijoru İvan Zays (1832-1914) anadan olub.
3 avqust 1940 - İspan-irland əsilli Amerika aktyoru Martin Şin (Martin Sheen) anadan olub. Filmləri: “Apokalipsis bu gün”, “Uoll-strirt”, “Qandi”, “Amerika prezidenti” və s.
3 avqust 1994 - Görkəmli rus aktyoru, SSRİ Xalq artisti İnnokenti Smoktunovski (1925-1994) vəfat edib. Filmləri: “Hamlet”, “Avtomobildən qorun”, “Cinayət və cəza”, “Ölü canlar” və s.
3 avqust 2008 - Rus yazıçısı, tarixçi, publisist, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1970) Aleksandr İsayeviç Soljenitsın (11.12.1918 - 2008) vəfat edib. 1945-1953-cü illərdə həbsdə, sonra Sibirdə sürgündə olub. 1973-cü ildə SSRİ-dən deportasiya edilib, ABŞ-da yaşayıb, 1994-cü ildə Rusiyaya qayıdıb. "Xərçəng korpusu", "Birinci dairədə", "Arxipelaq QULAQ", "Qırmızı təkər" və s. romanların müəllifidir.
4 avqust 1859 - Norveç yazıçısı Knut Hamsun (Pedersen; 1859-1952) anadan olub. “Aclıq” psixoloji romanı yazıçıya şöhrət gətirib. “Torpağın şirəsi” əsərinə görə ədəbiyyat üzrə Nobel mükafatı (1920) alıb. Hitlerin pərəstişkarı kimi tanınıb. II Dünya müharibəsindən sonra mühakimə olunub və ahıl yaşına görə həbs cəzasından qurtulub.
4 avqust 1901 - Dünya şöhrətli Amerika caz musiqiçisi, bəstəkar Lui Armstronq (Louis Daniel "Satchmo" Armstrong; 1901-1971) anadan olub.
4 avqust 1905 - Rus bəstəkarı, SSRİ Xalq artisti Boris Aleksandrov (1905-1994) anadan olub. Keçmiş Sovet İttifaqının (indi Rusiya Federasiyasının) Dövlət himninin musiqisinin müəllifidir.
5 avqust 1844 - Rus boyakarı və qrafiki İlya Yefimoviç Repin (1844-1930) anadan olub. Məşhur əsərləri: “Burlaklar Volqada”, “Tövbədən imtina”, “İvan Qroznı və oğlu İvan” və s.
5 avqust 1850 - Görkəmli fransız yazıçısı Gi de Mopassan (Henry Rene Albert Guy de Maupassant; 1850 - 6.7.1893) anadan olub. Romanları: “Həyat”, “Əziz dost”, “Pyer və Jan”, “Arzu alovu”; novellaları: “Mademauzel Fifi”, “Boyunbağı”, ”Məhəbbət təcrübəsi” və s.
5 avqust 1860 - İngilis rəssamı Luis Ueyn (Louis William Wain, 1860-1939) anadan olub.
5 avqust 1901 - Fransız kinorejissoru Klod Otan-Lara (Claude Autant-Lara; 1901-2000) anadan olub. Filmləri: “Qırmızı talvar”, “Qırmızı və qara” (Stendalın romanı üzrə), “Gecə Marqaritası” və s.
5 avqust 1906 - Amerika rejissoru Con Hyuston (John Marcellus Huston, 1906-1987) anadan olub. İki dəfə «Oskar» mükafatı laureatıdır: “Kazino “Royal” və “Çin məhəlləsi” filmləri.
5 avqust 1962 - Amerika aktrisası Merilin Monro (Marilyn Monroe - əsl adı Norma Jean Mortenson; 1.6.1926 - 1962) vəfat edib.
5 avqust 1987 - Rus aktyoru, SSRİ Xalq artisti Anatoli Papanov (31.10.1922 - 1987) vəfat edib. Çəkildiyi filmlər: “Dirilər və ölülər”, “Avtomobildən qorun”, “Brilyant əl”, “12 stul” və s.
6 avqust 1660 - Görkəmli ispan rəssamı Dieqo Rodriges de Silva Velaskes (Diego Rodriguez de Silva Velazquez, 6.6.1599-1660) vəfat edib.
6 avqust 1809 - İngilis şairi Alfred Tennison (Alfred Tennyson, 1809-1892) anadan olub.
6 avqust 1868 - Fransız yazıçısı, şair, dramaturq Pol Klodel (Paul Claudel, 1868-1955) anadan olub. Əsərləri: “Qızıl baş”, “Girov”, “Boyat çörək”.
6 avqust 1899 - Gürcü aktyoru və rejissoru, SSRİ Xalq artisti Akaki Vasadze (1899-1978) anadan olub. Filmləri: “Böyük ustadın sağı”, “Ayın oğurlanması”.
6 avqust 1931 - İtalyan rejissoru Umberto Lensi (Umberto Lenzi) anadan olub. Qorxu filmlərinin (“Qarabasmalı ev”, “Zombilər şəhəri”) müəllifi kimi tanınıb.
6 avqust 1953 - Hind rejissoru Umeş Mehra (Umesh Mehra) anadan olub. Filmləri: “Cəngəllik qanunu ilə”, “Məhəbbətin torları”, sovet-hind istehsalı olan “Məhəbbət haqqında əfsanə”, “Əlibaba və 40 quldurun macəraları” (rej. Lətif Fayziyevlə birgə).
7 avqust 1867 - Alman ekspressionist rəssamı Emil Nolde (Hansen; 1867-1956) anadan olub.
7 avqust 1911 - Amerika aktyoru və kinorejissoru Nikolas Rey (Nicholas Ray, 1911-1979) anadan olub. “İdealsız üsyankar” filminə görə “Oskar” mükafatı alıb.
7 avqust 1947 - Moldavan (rumın) əsilli məşhur estrada müğənnisi, Ukrayna, Moldova və SSRİ-nin Xalq artisti Sofiya Rotaru Ukraynanın Çernovitski vilayətində anadan olub.
7 avqust 1941 - Hind yazıçısı, filosof, bəstəkar, ədəbiyyat üzrə Nobel mükafatı (1913) laureatı Rabindranat Taqor (Rabindranath Tagore; 6.5.1861 - 1941) vəfat edib. Əsərləri: “Fəlakət”, “Ev və dünya”, “Vida mahnısı” romanları, “Poçt”, “Qırmızı oleandrlar” pyesləri və s.
Hazırladı: Vüqar Orxan