Dil xalqın özünüifadə biçimi, varlığı, ruhudur, dilin itdiyi, sıradan çıxdığı gün xalq yoxdur
Dəyərlər hər bir xalqın mənəviyyatında, həyatında, yaşamında, tarixində, mədəniyyətində, elmində yüzillərdən bəri yaranan, yetişən, xalqın varlığını hər an izləyən, onu böyüdən uca hadisələrdir. Dəyərin yaradıcısı fərd, bütövlükdə isə xalqdır. Xalq dəyəri mənimsədikdən sonra ona yeni düzəlişlər edir, cilalayır.
Bütün bəşəri dəyərlərin əsasında hansısa xalqların yaradıcılığı, zəhməti dayanır. Bəşər dəyərlərlə yaşayır - mənəvi və maddi dəyərlərlə. İnsanlar hər an hansısa maddi dəyərləri yarada, qura bilir. Ancaq mənəvi dəyərləri hər an yaratmaq olmur. Ona görə də insanların min illərin o tayındakı mənəvi dəyərlərdən bərk-bərk yapışması, onlardan yararlanması başadüşüləndir. İnsan anlayır ki, mənəvi dəyərlərsiz yaşaya bilməz.
Yer üzündə ən böyük dəyər insan özüdür. Bəşəri bənzərsizliyin, müxtəlifliyin dəyərlərindən isə birincisi xalqdır. Üç başlıca dəyər və şərt xalq olmağın göstəricisidir: dil birliyi, ərazi birliyi və tarixi tale birliyi.
Dil xalqın ən birinci özəlliyi, qaçılmaz varlığıdır. Torpaqsız, dövlətsiz, başqa dəyərlərsiz xalqın olduğuna inanmaq olar, ancaq dili olmayan, özgə dildə danışaraq özünü xalq adlandıran bir toplumun varlığına inanmaq olmaz. Dil xalqın özünüifadə biçimi, varlığı, qanı, ruhudur. Bütün dəyərlərin itkisindən sonra başlayır dilin ölümü. Xalqın bütün keçmişinə şahid olan da, yadı doğmadan ayıran da, dəyərləri bizə sevdirən, onlara yiyə durmağa çağıran, yaşadan, özüylə birgə gələcəyə aparan dildir. Dilin itdiyi, sıradan çıxdığı gün xalq yoxdur! Ona görə də həmişə böyük imperiyalar yumruğunun altında saxladıqları xalqları ancaq dilsizləşdirməklə yox edə biliblər.
Xalqın ikinci böyük mahiyyəti ərazi birliyində üzə çıxır. Çünki xalq özünü yaratmaq, dövlətini qurmaq, gələcək taleyini bəlirləmək üçün hansısa bir yerdə yurd salmalıdır. Yurd xalqın evidir. Torpaq, ərazi xalqın bütün dəyərlərinin boy atdığı yer, ünvandır. Həmin ünvan olmasa, xalq ayaq tutub yeriyə bilməz. Yağılarımız türkün köçəriliyini bayraq edib, burada geridəqalmışlıq axtarıblar, az qala bizi qaraçılara tən tutublar. Unudurlar ki, türk yalnız öz yurdunda köç eləyib, öz torpağını bu başdan-o başa gəzib, dolanıb.
Tarixi tale birliyi isə özünü bütöv xalq kimi təsdiq etməkdir. Belə ki, tarixin hər məqamında xalqın aqibətində, taleyində ümumi, ortaq cəhətlər, dəyərlər qorunur, millətin birliyi pozulmur. Xalq bütün taleyinə yiyə durur. O, faciələrini, kədərlərini birgə yaşayır, sevinəndə də birgə sevinir.
Xalq bütöv anlamda bəşər mədəniyyətinə, elminə, ədəbiyyatına, fəlsəfəsinə, bir sözlə, bəşər boğçasına dəyərlər vermirsə, o, xalq sayıla bilməz. Öz dəyəri olmayan, tarix boyu dəyər yarada bilməyən, başqalarının dəyərləri içərisində itən, yox olan toplumu xalq saymaq olmaz. Bir xalq kimi Azərbaycan türklərinin də öz dəyərləri var və dəyərlərimiz ilk olaraq mənəviyyata, ruhumuza söykənir, ondan güc alır.
Dəyər yaşadılanda canlıdır, yaşadılmayanda ölüdür. Bir xalq kimi böyük dəyərlər yaratsaq da, həmin dəyərlərə ardıcıl yiyəlik eləyə bilməməyimiz bizi onlardan ayırıb. Dəyəri tarix kimi öyrənmək azdır. Tarix kimi öyrənəndə dəyər elə tarixlərin o tayında qalır, xalqın bugünü ilə bağlanmır. Dəyəri diri saxlamaq, yaşatmaq gərəkdir ki, xalq onunla yaşaya bilsin.
Nədənsə biz dəyərləri həmişə keçmişdə axtarırıq. Bizə elə gəlir ki, indi dəyər yarana bilməz. Əgər xalqımızın, dövlətimizin, soyumuzun min illər yaşamasını istəyiriksə, deməli, yeni dəyərlər yaratmalıyıq. Həmin dəyərlər keçmişimizlə bağlanmalı, ondan yararlanmalı, onun üzərində ucalmalıdır.
Yeni dəyər yaratmağın kökündə keçmiş dəyərləri qaytarmaq tələbi durur. Düzdür, keçmişimiz bütünlüklə ideallıqlardan ibarət deyil. Əgər bir xalq inkişafında ardıcıldırsa, ona ölüm yoxdur. Bu baxımdan Çin həmişə mənim üçün heyrətamizdir. Bəşərə yetərincə dəyərlər vermiş bu xalq, biz türklərdən fərqli olaraq, yaratdığına yiyəlik edə bilib, onu qoruyub, indisinə çatdırıb. Türk isə yaratdığını yollarda itirib. Onun tökdüklərini yığanlar isə türkün qəniminə çevriliblər. Azərbaycan türkləri həmişə hər sahədə yaradıcı olublar, böyük dövlətlərlə yanaşı, böyük mədəniyyət də yarada biliblər.
Erməni gözümüzün qarşısında dəyərlərimizi oğurlayır. Bunun bircə nədəni var. Erməni tarix boyu türk dəyərləri içərisində böyüyüb, onlardan istədiyi kimi yararlanıb. Onun məişətində, ədəbiyyatında, musiqisində bunun izləri aydın görünür. Bu onu göstərir ki, o, özü yaratmağı bacarmır.
Yeri gəlmişkən, çox vaxt dəyərlə adət-ənənələri qarışdırırlar. Hər şeyə dəyər demək olmaz. Dəyərlər xalqın tarixi taleyindəki böyük zirvələrdir. Onların kökü isə lap dərinliklərdədir. Adət-ənənə hər hansı bir şeylə bağlı istənilən zaman yarana bilər. Adət-ənənələr bu gün var, sabah olmaya bilər...
Bəşəriyyətin ən böyük dəyəri insanlıqdır. Əgər dil bütöv bir xalqı birləşdirirsə, insanlıq bütöv bəşəriyyəti birləşdirir. İndi bəşər insansızlıqdan çox əziyyət çəkir. Qanlı savaşlar bəşəri fəlakətlərə sürükləyir. Mənəvi aşınmalar, çökmələr bəşəriyyəti ölüm qarşısında qoyub. Dünyanın ekoloji durumunun pozulmasının, toplumun, yaşamın, iki şəxs arasında münasibətlərin pis olmasının səbəbi insansızlıqdır. Biclik, hiylə birincidirsə, insanlar bir-birini aldadırsa, yalan danışır, başqasının başını kəsirsə, insan cinayətdən həzz alırsa, pislik etməsiylə öyünürsə və pisliyi yarağa çevirirsə, deməli, insansızlıq hökm sürür.
Bəşər həmişə insanlıq axtarıb, onu soraqlayıb, ancaq yetə bilməyib. İnsanlıq ayrı-ayrı böyük, uca şəxsiyyətlərin ömründə üzə çıxıb, aşkarlanıb. İnsanlığa yetənlər yaşadıqları zamanı ötüblər, buna görə də onları heç kim başa düşməyib.
Tikə-tikə doğranan Babəkimiz, dörd qatırın quyruğunda dörd parça olan Nəimimiz, diri-diri soyulan Nəsimimiz insanlıq şəhidləridir. Böyük şəxsiyyətlərin əməlləri zamanında dəyərləndirilmir. Ancaq zaman keçir, xalq, bəşər özünün keçmiş halına gülür, yanlışını anlayır. Yalnız böyük xalqlar dəyər yarada bilir. Ona görə böyük xalqıq ki, bəşəriyyətə böyük dəyərlər vermişik!
S.Qaliboğlu