Lənkəran rayonu özünün təbiəti, eləcə də zəngin və əlverişli iqlim şəraiti ilə geniş turizm imkanlarına malikdir. Bölgənin səfalı meşələri, dağları, digər tərəfdən Xəzərin ləpələri ilə oxşadığı qumlu sahilləri turizmin bütün növlərinin inkişafı üçün əlverişli şərait yaradır.
   Rayonda olan 14 hotel və mehmanxana tipli obyektdə eyni vaxtda 1000-1200 nəfər turistin dincəlməsi üçün lazımi şərait yaradılıb. Hazırda rayonun istirahət mərkəzlərinə gələnlər arasında ölkəmizin müxtəlif bölgələrindən və Bakıdan olan turistlərlə yanaşı, əcnəbi turistlər də var. Onları ən çox cəlb edən buranın əsrarəngiz gözəlliyi ilə yanaşı, ləziz yerli mətbəx nümunələridir. Turistlərin mənalı istirahəti üçün cənub bölgəsinin görməli və tarixi yerlərinə turizm marşrutları da müəyyənləşdirilib.
   Lənkəran Turizm və İnformasiya Mərkəzinin direktoru İlqar Əzimov bildirib ki, ötən il rayona gələn turistlərin sayı 15 min 900 nəfər olub. Bunun 14 faizi əcnəbi turistlərin payına düşüb. Bu ilin ötən dövründə isə rayona 14 mindən çox turist gəlib. Onların 1800 nəfərindən çoxu xarici turistlərdir.