Azərbaycan
   
   29 avqust 1890 - Şair, qəzəlxan Məhəmmədəli Şəfai (1890- 1967) Bakının Maştağa kəndində anadan olub.
   29 avqust 1960 - Tanınmış telejurnalist, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Fuad oğlu Mustafayev (1960 - 15.06.1992) anadan olub. 
   29 avqust 1965 - Görkəmli tarzən, Xalq artisti Qurban Bəxşəli oğlu Pirimov (30.10.1880, Ağdam, Abdal-Gülablı - 1965) vəfat edib. 1905-ci ildən xanəndə Cabbar Qaryağdıoğlu və kamançaçı Saşa Oqanezaşvili ilə birlikdə yaratdığı muğam üçlüyündə 20 ilə yaxın fəaliyyət göstərib, xarici ölkələrdə konsertlər verib. 1920-ci ildən Opera və Balet Teatrının solisti olub.
   29 avqust 2005 - Azərbaycanda İctimai Televiziya və Radio yayıma başlayıb. 
    
   30 avqust 1935 - Xalq artisti, bəstəkar, tarzən Ağadadaş Hacıbala oğlu Dadaşov anadan olub.
   30 avqust 1984 - Xalq artisti Rübabə Muradova (22.3.1933 - 1984) vəfat edib. Dövlət Opera və Balet Teatrının solisti olub. Leyli ("Leyli və Məcnun"), Əsli ("Əsli və Kərəm", Ü.Hacıbəyli), Şahsənəm ("Aşıq Qərib", Z.Hacıbəyov) və başqa partiyaları ifa edib. 
   30 avqust 1991 - Azərbaycan Ali Soveti "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında" Bəyannamə qəbul edib. Sənəddə Azərbaycan Respublikasının 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin varisi olduğu vurğulanırdı. 
   
   31 avqust 1927 - Şair, dramaturq, Əməkdar incəsənət xadimi İsgəndər Coşqun (İsgəndər Məmməd oğlu Hümmətov; 1927 - 10.12.1996) Göyçayda anadan olub. “Gəmidə söhbət”, “Qığılcımlar”, “Nəğmə dolu ürək” və s. kitabların müəllifidir.
   31 avqust 1863 - Maarifçi, yazıçı-dramaturq Rəşid bəy Əfəndiyev (1863-1942) Şəkidə anadan olub. Azərbaycanda ibtidai təhsil üzrə ilk dərsliklərin - "Uşaq bağçası" ("Əlifba") və "Bəsirət-ül-ətfal" adlı qiraət kitabının müəllifidir. "Qan ocağı", "Saqqalın kəraməti", "Qonşu-qonşu olsa, kor qız ərə gedər", "Pul dəlisi" və s. pyeslərin müəllifidir.
   31 avqust 1968 - Cənubi Azərbaycan yazıçısı, ictimai-siyasi xadim Səməd Behrəngi (24.6.1939 - 1968) vəfat edib. "Ulduz və qarğalar", "Çuğundursatan oğlan", "Balaca qara balıq" və s. hekayə və nağıllar kitabının müəllifidir. Azərbaycan nağıllarını fars dilinə tərcümə edərək nəşr etdirib. 
   31 avqust 1993 - Ermənistanın silahlı qüvvələri Azərbaycanın Qubadlı rayonunu işğal edib. Ermənistanla həmsərhəd olan Qubadlı rayonu Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən kənarda işğal edilən 6-cı rayonudur. Qubadlı rayonu 1933-cü ildə yaradılmış, 1963-cü ildə ləğv edilərək, ərazisi Zəngilan rayonuna birləşdirilmiş, 1964-cü ildən yenidən ayrıca ərazi-inzibati vahid kimi təşkil olunmuşdur. Ərazisi 802 kvadrat kilometrdir, əhalisi işğal zamanı 31 min nəfər idi. Qubadlı şəhəri və rayonun 93 kəndi işğal altındadır.
   31 avqust 2000 - Tanınmış şair, publisist Şahmar Əkbərzadə (28.12.1941 - 2000) vəfat edib. "Həsrət qoxlayıram çiçək yerinə", "Mərkəzi poçtxana", "48 ölçülü qadın paltarı", "Tüstümüz", "Tikan, gəl öpüşək" və s. məşhur şeirlərin müəllifidir. “Mədəniyyət” qəzetinin baş redaktoru (1991-2000) olub.
   
   Dünya
   
   29 avqust 1632 - İngilis filosofu Con Lokk (John Locke, 1632-1704) anadan olub.
   29 avqust 1780 - Fransız rəssamı Jan Ogüst Dominik Enqr (Jean-Auguste-Dominique Ingres, 1780-1867) anadan olub.
   29 avqust 1862 - Belçika yazıçı-dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı (1911) laureatı Moris Meterlink (Maurice Polydore Marie Bernard Maeterlinck: 1862-1949) anadan olub. Əsərləri: “Göy quş”, “Beatris bacı” pyesləri, “Güllərin idrakı”, “Arıların həyatı” fəlsəfi pritçaları və s.
   29 avqust 1903 - Məşhur rus aktyoru Andrey Fayt (1903-1976) anadan olub. “Ələddinin sehrli çırağı”, “Brilyant əl”, habelə “Azərbaycanfilm”də lentə alınan “Uzaq sahillərdə” (Mazelli), “Bir qalanın sirri” (Göygöz kosa) filmlərində çəkilib.
   29 avqust 1915 - İsveç aktrisası, üç dəfə «Oskar» laureatı İngrid Berqman (Ingrid Bergman; 1915-29.8.1982) anadan olub. Filmləri: “Anastasiya”, “Şərq ekspresində qətl”, “Qaz işığı” və s.
   29 avqust 1958 - Dünya şöhrətli amerikalı müğənni Maykl Cekson (Michael Joseph Jackson; 1958 - 25.6.2009) anadan olub. 15 dəfə “Qremmi” mükafatına layiq görülüb. Dünyada satılan albomlarının tirajına (750 milyondan çox) görə “Ginnesin rekordlar kitabı”na düşüb. 
   29 avqust 1920 - Amerika caz musiqiçisi Çarli Parker (Charlie "Bird" Parker, 1920-1955) anadan olub.
   
   30 avqust 1748 - Fransız rəssamı Jak Lui David (Jacques-Louis David, 1748-1825) anadan olub. Məşhur rəsmləri: “Maratın ölümü”, “Horasilərin andı”.
   30 avqust 1860 - Rus rəssamı İsaak İliç Levitan (1860-1900) anadan olub. Peyzaj ustası kimi tanınıb. Əsərləri: “Ağcaqayın meşəsi”, “Göl” və s.
   30 avqust 1887 - Amerika yazıçısı, fantastik seriallar müəllifi Rey Kamminqs (Raymond King Cummings, 1887-1957) anadan olub.
   30 avqust 1972 - Amerika aktrisası Kameron Dias (Cameron Michelle Diaz) anadan olub. Filmləri: “Ən yaxşı dostumun toyu”, “Məzuniyyət mübadiləsi” və s.
   
   31 avqust 1811 - Fransız yazıçısı Teofil Qotye (Theophile Gautier, 1811-1872) anadan olub. Romanları: “Gənc Fransa”, “Madmazel Mopen” və s.
   31 avqust 1897 - Amerika aktyoru, iki dəfə «Oskar» laureatı Frederik Març (Frederick Ernest McIntyre Bickel; 1897-1975) anadan olub. Filmləri: “Doktor Cekil və cənab Hayd”, “Anna Karenina”, “Mayda yeddi gün” və s.
   31 avqust 1941 - Rus şairi, yazıçı Marina Svetayeva (8.10.1892 - 1941) vəfat edib. Əsərləri: “Qırmızı at üstündə” (poema), “Mənim Puşkinim”, “Əsir ruh” (nəsr əsərləri) və s.
   31 avqust 1949 - İngilis-irland əsilli Amerika kinoaktyoru Riçard Gir (Richard Tiffany Gere) anadan olub. Filmləri: “Ameliya”, “Qaçmış gəlin”, “Birinci cəngavər”, “Gözəlçə”, “Çaqqal”, “Gəl, rəqs edək” və s.
   
   Hazırladı: Vüqar Orxan